Prezident İlham Əliyev iyulun 5-də “Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında” sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, müxtəlif millətlərin və konfessiyaların nümayəndələrinin tarix boyu sülh və əmin-amanlıq şəraitində yaşadığı Azərbaycanda multikulturalizm əsrlərdən bəri alternativi olmayan həyat tərzinə çevrilmişdir. Mövcud milli-mədəni rəngarənglik xalqların qarşılıqlı mənəvi zənginləşməsinə imkan yaratmaqla yanaşı, ölkəni beynəlxalq miqyasda çoxmillətli və çoxkonfessiyalı diyar kimi tanıtmışdır.
Toplanmış böyük təcrübənin davamı kimi həmin mədəni müxtəliflik mühiti respublikada təmsil olunan bütün dini icma və konfessiyaların birgə fəaliyyəti sayəsində bu gün də lazımınca qorunur. Azərbaycan cəmiyyətində bərqərar olmuş yüksək tolerantlıq mühitinin gücləndirilməsi müstəqil dövlətçiliyin inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir.
Sərəncama əsasən, ölkədə mövcud dini konfessiyaların dəstəklənməsi məqsədilə Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasına 250 min, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 250 min, Avropa yəhudilərinin Bakı dini icmasına 100 min, Azərbaycanda Katolik kilsəsinin Apostol Prefekturası dini qurumuna 100 min və Alban-Udi xristian dini icmasına 100 min manat ayrılıb.