Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı bu ölkənin Luqano şəhərində işgüzar səfərdə olub.
Ölkəmizin İsveçrə və Lixtenşteyndəki səfirliyindən bildiriblər ki, səfər zamanı Luqano şəhərinin meri Marko Borradori ilə görüşən Əkrəm Zeynallı Azərbaycan-İsveçrə münasibətlərinin inkişaf dinamikasından bəhs edib, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə yüksək səviyyəli əməkdaşlığın iki ölkənin regionları arasında da davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Luqano şəhərinin meri Azərbaycan-İsveçrə əlaqələrinin regionlararası əməkdaşlıq münasibətlərinin yaradılması ilə daha da inkişaf etdirilməsinə töhfə verməyə hazır olduqlarını söyləyib, bu çərçivədə Azərbaycanın şəhərlərindən biri ilə qarşılıqlı faydalı tərəfdaşlığın qurula biləcəyini bildirib.
Görüşün sonunda Luqano şəhəri ilə səfirlik arasında mədəni sahədə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, Azərbaycanın bu şəhərdə təbliği üçün tədbirlərin keçirilməsi barədə ilkin razılıq əldə olunub.