Səyyar seminar-treninq davam edir

Mədəniyyət və turizm nazirinin müvafiq əmrinin icrası ilə əlaqədar maddi və qeyri-maddi mədəni irsin qorunması, təbliği, bərpası və inkişaf etdirilməsi məqsədilə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi yerlərdə səyyar seminar-treninqlər keçirir.
İyulun 19-da Xaçmaz regional mərkəz olmaqla Quba, Qusar, Siyəzən, Xızı, Şabran rayonlarından abidə mühafizəçiləri üçün “Tarixi abidələr bu gün və sabah: mühafizə problemləri” mövzusunda səyyar seminar-treninq başlanıb.
Mərkəzin direktoru Ramazan Şabanov tədbiri açıb. Mərasimdə Xaçmaz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Ağayev də iştirak edib.
Seminar-treninqdə əhatə olunan rayonlar üzrə 28 abidə mühafizəçisi iştirak edir. Treninqin mövzuları “Mədəniyyət haqqında” qanundan irəli gələn məsələləri əhatə edir və yerlərdə maddi və qeyri-maddi mədəni irsin qorunması, bərpası, turizmin inkişafı məsələlərinə həsr olunub.
Mərkəzin əməkdaşı Arif Əliyev, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutunun baş mühəndisi Cahid Qədirli, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı İdris Əliyev, Qobustan Milli Tarixi-Bədii Qoruğunun baş mühafizi Fikrət Abdullayev, Şirvanşahlar Saray Kompleksinin direktor müavini Səadət Mirzəyeva və digər mütəxəssisin keçəcəyi treninq 23 iyul tarixinə qədər davam edəcək.