Bolqarıstan Mədəni Əlaqələr Cəmiyyətinin xətti ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəssamlıq fakültəsinin “Təsviri sənət” kafedrasının müdiri, Xalq rəssamı, dosent Xanlar Əhmədov və müəllim Səmədağa Cəfərov Burqas şəhərində dünyanın bir çox ölkələrindən dəvət olunmuş tanınmış rəssamların qatıldığı incəsənət simpoziumunda iştirak ediblər.
İyulun 1-dən 10-dək davam edən simpoziumun son günü Bolqarıstanın ən qədim şəhərlərindən biri olan Sezopol şəhər meriyasının qalereyasında simpozium iştirakçılarının sərgisi keçirilib. Sərginin ali mükafatlarından olan “Rusalka” kuboku ADMİU-nun müəllimi Səmədağa Cəfərova, simpoziumun xüsusi diplomu isə kafedra müdiri Xanlar Əhmədova təqdim olunub. Simpoziumun şərtlərinə görə rəssamlar kətan üzərində yağlı boya ilə, heykəltəraşlar isə daş üzərində heykəllər yaratmalı idilər. Lakin texniki səbəblərdən daşlar gətirilmədiyindən heykəltəraşlar da kətan üzərində işləməli olublar.