Tanınmış jurnalist Ənvər Məşədiyevin “İllərin axarında” kitabı “Şuşa” nəşriyyatında çapdan çıxıb.
Kitab müəllifin 2003-cü ildə çap edilmiş “Yaddaşımın işığında” kitabının davamıdır. Birinci kitabda müəllifin xatirələri, bir çox elm xadimləri, təhsil və səhiyyə adamları, ayrı-ayrı peşə sahibləri, sadə insanlar barədə qələmə aldığı oçerklər, bədii, publisistik yazılarından seçmələr yer alıb. “İllərin axarında” kitabında isə müəllifin 2003-cü ildən sonra kütləvi informasiya vasitələrində, ayrı-ayrı kitab və toplularda dərc edilmiş məqalələri, “Bir az da özümüzdən” adlı sənədli povesti verilib. Kitabda yer alan yazıların əksəriyyəti müəllifin ömrünün yarım əsrə yaxın bir dövrünü bağladığı “Bakı” qəzetində dərc edilən məqalələrdir. Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Aynel Məşədiyevadır.