Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul - milli mətbuatın yaranmasının 141 illiyi ilə əlaqədar keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri elan edilib.
İyulun 21-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mükafatlandırma mərasimində çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, müsabiqə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"na uyğun olaraq 19 istiqamət üzrə elan olunub. Mayın 26-dan iyulun 12-dək davam edən müsabiqəyə 70 kütləvi informasiya vasitəsindən ümumilikdə 167 yazı təqdim olunub. Hər istiqamət üzrə 6 mükafat (1 birinci, 2 ikinci və 3 üçüncü yer) nəzərdə tutulub.
Fondun Müşahidə Şurasının üzvləri və ekspertlərin çıxışlarından sonra 2 və 3-cü yerləri tutanlara mükafatlar təqdim edilib. Birinci yerlərin sahibləri bu gün (22 iyul) Milli Mətbuat Günü münasibətilə keçiriləcək mərasimdə təltif olunacaqlar.