İngilis, rus və türk dillərində yazı müsabiqəsi

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi ilə Parlament Jurnalistləri Birliyi arasında əldə olunmuş razılığa əsasən, jurnalistlər üçün yeni müsabiqə elan ediləcək.

Bu barədə Parlament Jurnalistləri Birliyinin rəhbəri Elşad Eyvazlı məlumat verib. O, ideyanın Milli Məclisin deputatı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin üzvü Rövşən Rzayevdən gəldiyini deyib.
Millət vəkili R.Rzayev qeyd edib ki, Prezident İlham Əliyev xaricdə çalışan, xaricə çıxışı olan azərbaycanlı jurnalistlərə ehtiyacın olduğunu dəfələrlə bildirib. Deputat Prezidentin qaldırdığı bu məsələnin çox vacib olduğunu və bu çağırışa qoşulmağın böyük faydalar verə biləcəyini söyləyib.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyini sədri Bayram Səfərov belə bir layihənin həyata keçirilməsinin zəruri olduğunu vurğulayıb.
Müsabiqədə ingilis, rus və türk dillərini yaxşı bilən jurnalistlər iştirak edə bilərlər. Qaliblər iki mərhələ keçdikdən sonra müəyyənləşəcək. İlkin mərhələdə müsabiqəyə qatılan jurnalistin xaricdə dərc olunan məqaləsi təqdim edilməlidir. Məqalə olmadıqda həmin jurnalist xaricdə media üçün hazırladığı, ancaq dərc etdirə bilmədiyi yazını təqdim etməlidir.
İkinci mərhələdə isə jurnalist münsiflər tərəfindən şifahi sorğudan keçəcək. Dil biliyi ilə yanaşı, jurnalistlərin hadisələrə baxışı, milli maraqlardan necə çıxış etmələri də çox önəmlidir. Beləliklə, üç qalib müəyyənləşəcək.
Qaliblərdən biri Londona, biri Moskvaya, digəri isə İstanbula göndəriləcək. Bütün xərclər təşkilatçılar tərəfindən ödəniləcək. Müsabiqənin qalibləri xaricdə həm universitetlərdə seminarlara qatılacaqlar, həm də məşhur media qurumlarında təcrübə keçəcəklər.
Müsabiqəyə avqustun 1-də start veriləcək.