Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Hindistanın xarici işlər nazirinin müavini xanım Sucata Mehtanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, kənd təsərrüfatı, yüksək texnologiyalar, əczaçılıq, elm-təhsil və humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Azərbaycan və Hindistan arasında əlaqələrin inkişaf etdirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlər, hökumətlərarası müştərək komissiya və XİN-lərarası siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti vurğulanıb. Müqavilə-hüquq bazasının genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, humanitar, mədəniyyət və təhsil sahələrində əlaqələrin təşviqi, qarşılıqlı mədəniyyət günlərinin təşkil olunması, universitetlərarası müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi kimi məsələlər müzakirə olunub.
Səfər əsnasında Azərbaycan və Hindistan arasında XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib. Məsləhətləşmələrdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov və Hindistan xarici işlər nazirinin müavini Sucata Mehta iştirak ediblər.
Xələf Xələfov ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni-təhsil, kənd təsərrüfatı, kommunikasiya texnologiyaları və digər sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu bildirib.
Xanım Sucata Mehta öz növbəsində ölkəsinin Azərbaycan ilə bütün sahələrdə, xüsusilə iqtisadi və enerji sahələrində sıx əməkdaşlıq etmək niyyətini nəzərə çatdırıb.