Bakı Slavyan Universitetinin bir qrup tələbəsi Müqəddəs K.Oxridski adına Sofiya Universitetinin Slavyanşünaslıq fakültəsi tərəfindən xarici tələbələr və müəllimlər üçün təşkil edilən bolqar dili və mədəniyyəti mövzusunda 54-cü yay məktəbində iştirak edib.

Proqram çərçivəsində azərbaycanlı tələbələr Bolqarıstanın bir neçə şəhərində olublar.
Azərbaycanın Bolqarıstandakı səfirliyində yay məktəbində iştirak edən azərbaycanlı tələbələrlə görüş keçirilib. Görüşdə səfir Nərgiz Qurbanova səfirliyin fəaliyyəti, Bolqarıstan-Azərbaycan münasibətləri barədə məlumat verib, tələbələri maraqlandıran sualları cavablandırıb.
Ölkələrimiz arasında bir neçə sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini bildirən səfir Bolqarıstanın Veliko Tırnovo şəhərində “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bərpa edildiyini və bu yardımın Fond tərəfindən Balkan regionu ölkələrində mədəni sahəyə qoyulan ən böyük sərmayə olduğunu vurğulayıb. Səfir sentyabr ayında Bakıda Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında Ticarət, İqtisadiyyat, Elm və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın dördüncü iclasının təşkil olunacağını diqqətə çatdırıb.
Diplomat cari il sentyabrın 29-30-da Bakıda keçiriləcək V Bakı Beynəlxalq Humanitar Forumunda Bolqarıstandan yüksək vəzifəli nümayəndələrin iştirak edəcəyini söyləyib.