İştirakçıları bir-birindən əyləncəli oyunlar və ekskursiya gözləyir

İyulun 30-da Azərbaycan Xalça Muzeyinin Uşaq muzeyi şöbəsinin təşəbbüsü, İDEA İctimai Birliyi və “Azərsun Holdinq” MMC-nin dəstəyi ilə “Ailə günü” adlı tədbir keçiriləcək.

Tədbirin keçirilməsində məqsəd valideyn-uşaq arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək və ən əsası mədəniyyət və incəsənətimizi tanıtmaqdır.
İştirakçılar Azərbaycan xalçaçılığı, dekorativ-tətbiqi sənəti nümunələri ilə yaxından tanış olacaqlar. Onlar muzeydə təşkil olunan ustad dərslərində iştirak etməklə öz yaradıcı bacarıqlarından istifadə edərək özlərinin incəsənət nümunələrini hazırlayacaqlar.
“Ailə günü”nə qatılanları muzey əməkdaşlarının köməyi ilə kompüter proqramında virtual xalçanın yaradılması, saxsı qablar üzərində xalça rəsmlərinin və akril boyalarla dibçəklərin üzərində rəngarəng təsvirlərin çəkilməsi, dekorativ bəzək əşyaları, qolbaqların hazırlanması və digər bir-birindən əyləncəli oyunlar və masaüstü tapşırıqlar gözləyir.
Tədbirə qoşulan iştirakçılar məşhur xalçaçı-rəssam Eldar Mikayılzadənin “Xalçanın yaranışı” adlı xalçasının rəsm pazllarını yığmaq imkanı da əldə edəcəklər. Muzeyin əməkdaşı Püstə Ağayeva tərəfindən “Klassik və müasir süjetli xalçalar” mövzusunda mühazirə səsləndiriləcək və muzeyə mini ekskursiya təşkil olunacaq.
Bundan əlavə, dəvət olunmuş aktyorlar tərəfindən uşaqlar üçün böyük maraq doğuracaq nağıllardan ibarət tamaşalar da təqdim olunacaq.
Qeyd edək ki, Azərbaycan Xalça Muzeyində “Ailə günü” tədbirinin hər ayın son şənbəsi “açıq qapı” günü çərçivəsində saat 11:00-dan 20:00-dək keçirilməsi nəzərdə tutulur.
Tədbirə giriş biletlədir. Hemofiliya və talassemiyalı şəxslər ödənişsiz iştirak edə bilər.