“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində tarixi abidə statusuna malik bir neçə qədim məscid binası var. Bu tikililər dövlət tərəfindən qorunmaqla yanaşı təmir-bərpa olunur. Son bir neçə ildə Həzrət Məhəmməd məscidi, Cümə məscidi əsaslı təmir olunub. Hazırda Bəylər məscidində, Cümə məscidinin minarəsində, Xıdır məscidində əsaslı restavrasiya işləri həyata keçirilir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, Asəf Zeynallı küçəsi, 55 ünvanında yerləşən və Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə ölkə əhəmiyyətli abidələr siyahısına daxil edilmiş Aşur məscidində bərpa-konservasiya işləri planlaşdırılıb.
Qeyd olunur ki, 2013-cü ildən bu günə kimi abidədən faktiki olaraq istifadə edən şəxslərə dəfələrlə məscidin boşaldılması barəsində idarə tərəfindən müraciətlər edilsə də, abidədən qanunsuz istifadə davam etdirilib, bununla da bərpa işlərinin başlanılması gecikdirilib. Beləliklə də abidənin faktiki istifadəçiləri tərəfindən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunun tələbləri pozulub.
Bununla əlaqədar abidənin üzərində təxirəsalınmaz xilasedici bərpa işlərinin başlanılması üçün idarə tərəfindən abidənin faktiki istifadəçilərindən tələb olunan şəraiti təmin etməklə abidənin dərhal boşaldılması tələb olunub.
Restavrasiya işləri yüksək təcrübəyə malik olan mütəxəssislər tərəfindən müasir texnologiyalardan istifadə edilməklə həyata keçiriləcək.