2016-cı il avqustun 16-da Babayev Vaqif Baba oğlu uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.
Vaqif Babayev 1943-cü il martın 5-də Bakıda anadan olub. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) bitirib. Müxtəlif vaxtlarda Azərbaycan Dövlət Konservatoriyasında, Dövlət Teleradio Verilişləri Şirkətində, Dövlət Kamera Orkestrində, Azərbaycan Bəstəkarlar İttifaqında, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrində, eləcə də Əlcəzair Demokratik Xalq Respublikasının Milli Musiqi İnstitutunda, Suriya Ərəb Respublikasının Ali Musiqi İnstitutunda, Bakı Musiqi Akademiyasında orkestr artisti və müəllim işləmişdir.
O, uzun müddət Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin Təhsil sektorunun müdiri vəzifəsində çalışmış, 2013-cü ildə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi və kollektivi nazirliyin sabiq əməkdaşı Babayev Vaqif Baba oğlunun vəfatından kədərləndiyini bildirir və ailəsinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.