Oktyabrın 20-21-də Bakıda Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda beynəlxalq konfrans təşkil ediləcək.
Konfrans Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin, AMEA-nın Dilçilik, Ədəbiyyat, Şərqşünaslıq institutlarının və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.
Payızda həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Birinci Türkoloji Qurultay və ədəbiyyat məsələləri” mövzusunda beynəlxalq elmi konfrans da nəzərdə tutulub.
İnstitutdan bildiriblər ki, konfransda “Birinci Türkoloji Qurultayda ədəbiyyat məsələləri”, “Birinci Türkoloji Qurultayda dilçilik məsələləri”, “Əli bəy Hüseynzadənin Birinci Türkoloji Qurultayda çıxışı”, “Birinci Türkoloji Qurultayda folklor məsələləri” və digər mövzularda məruzələr dinləniləcək.