Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda yeni nəşrlər çapa hazırlanır. İnstitutun elmi işlər üzrə direktor müavini Oruc Əliyev bildirib ki, bu il folklorumuza dair araşdırmalar aparılıb, müxtəlif nəşrlər, o cümlədən “Şəki folklor örnəkləri” (3-cü kitab), “Azərbaycan folklorunda tolerantlıq və multikulturalizm” kitabları işıq üzü görüb.
Direktor müavini qeyd edib ki, hazırda institutda 10-dan çox monoqrafiya və kitab çapa hazırlanır. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlunun “Azərbaycan folklorunda gülüşün genezisi və poetikası” (monoqrafiya, rus dilində), “Folklor və yazılı ədəbiyyat” (2-ci kitab), “Qarabağ: folklor da bir tarixdir” (10-cu kitab), “Gədəbəy folklor örnəkləri” (1-ci kitab), “SMOMPK toplusunda Azərbaycan folkloru” (1-ci kitab), “İnanclar kontekstində ocaqlar və pirlər” və digər kitablarda zəngin folklor örnəkləri və bu sahədə aparılan elmi araşdırmaların nəticələri öz əksini tapacaq. Bu il ilk dəfə olaraq institutda “Arxetip” jurnalı da nəşrə başlayacaq.