1979-cu ildən Tehranda mərhum professor, ədəbiyyatşünas alim Cavad Heyətin redaktorluğuyla Azərbaycan türkcəsində nəşr olunan “Varlıq” jurnalının uşaqlar üçün “Tomurcuq” əlavəsinin ilk sayı işıq üzü görüb.
40 səhifəlik “Tomurcuq” uşaqların zövqünə uyğun şəkildə bütünlüklə rəngli çap olunub. Dərgi şəkil, şeir, hekayə, tapmaca və kağız oyunlarıyla ana dilini öyrənmək istəyən uşaqlara bir hədiyyədir. İranda ana dilində oxumaqdan məhrum olan Azərbaycan-türk uşaqlarına xidmət edəcək “Tomurcuq” jurnalı üç ayda bir çıxacaq. Bundan başqa, “Varlıq” dərgisi uşaqlara latın əlifbasını öyrətmək məqsədiylə ayrıca buraxılışlar da hazırlamağı düşünür.
"Tomurcuğ"un baş redaktoru “Varlıq” jurnalının rəhbəri, mərhum C.Heyətin qardaşı oğlu, Ankara Universitetinin müəllimi Məhəmmədrza Heyət, rəssamı isə Aysun İnandır.

S.Qaliboğlu