1-14 sentyabr tarixində Bakıda keçiriləcək Dünya Şahmat Olimpiadasına 300-dən çox könüllü və supervayzer - beynəlxalq tədbirlərdə iş təcrübəsinə malik olan gənclərin nümayəndələri cəlb ediləcək.
Olimpiadanın əməliyyat fəaliyyəti üzrə rəhbəri, beynəlxalq qrossmeyster Cahangir Ağarəhimov bildirib ki, heç bir idman tədbiri könüllülərin köməyi olmadan keçirilmir. Şahmat Olimpiadası tarixində bu qədər gəncin öz köməyini göstərmək arzusunda olması ilk dəfədir. Könüllülər üçün şahmat turniri, intellektual oyun, treninqlər keçirilib, müxtəlif yerlərə, Olimpiadanın obyektlərinə səfərlər təşkil edilib: “İnamla deyə bilərəm ki, biz bütün dünyanın ən yaxşı şahmatçılarını qarşılamağa və Vətənimizin paytaxtını onlara göstərməyə hazırıq”.
Könüllülər qonaqların qarşılanması, viza prosedurları zamanı kömək, qonaqların yerləşdirilməsi, akkreditə kartlarının paylanması və s. işlərdə köməklik göstərəcəklər. İki həftə ərzində şahmatçılara və digər qonaqlara paytaxtdakı ticarət mərkəzləri, valyutadəyişmə məntəqələri və restoranlar, habelə Olimpiada dövründə onların iştirak edə biləcəyi mədəni və əyləncə xarakterli bütün tədbirlər haqqında məlumat veriləcək.
Dünya Şahmat Olimpiadasının açılış və bağlanış mərasimləri Milli Gimnastika Arenasında, yarış isə “Kristall Hall”da keçiriləcək.