Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Niftəliyev Tangerhütte şəhər rəhbərliyinin binasında keçirilən yerli deputatların toplantısında iştirak edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, iclasda çıxış edən Y.Niftəliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı haqqında ətraflı məlumat verib.
Cəmiyyət sədri daha sonra Tangerhütte şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılması təklifini irəli sürüb. Şəhər rəhbərliyi və parlament üzvləri Xocalı soyqırımına abidə qoyulması məsələsinin növbəti toplantılarda geniş müzakirə ediləcəyini bildiriblər.
İclasın sonunda cəmiyyət sədri Azərbaycan həqiqətləri haqqında materialları, o cümlədən alman yazıçı-publisisti Yohannes Raunun Qarabağ münaqişəsi barədə yazdığı kitabı iştirakçılara təqdim edib.