Azərbaycanın Efiopiyadakı səfiri Elman Abdullayev etimadnaməsini BMT-nin Nayrobi şəhərindəki bölməsinin Baş direktoru xanım Sahle-Vork Zevdeyə təqdim edib.
Səfirlikdən bildiriblər ki, görüşdə E.Abdullayev ölkəmizin BMT ilə əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduğunu bildirib. O, həmçinin bir sıra vacib sahələrdə, xüsusilə qadın hüquqları, multikulturalizm, dözümlülük, mədəniyyətlər və dinlər arasında dialoqun təşviqində BMT-nin səylərinə Azərbaycanın fəal dəstəyinin davam etdiriləcəyini deyib.
Ermənistanın Azərbaycana təcavüzündən bəhs edən səfir BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə istinad edərək qurumun bundan sonra da Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcəyinə əminliyini diqqətə çatdırıb.
Söhbət zamanı Azərbaycan səfirliyinin BMT-nin Nayrobi şəhərindəki bölməsində ilk dəfə akkreditasiya olunmasından sonra mənzil-qərargahları bu şəhərdə yerləşən BMT-nin Ətraf Mühit (UNEP) və Məskunlaşma (UN-HABITAT) proqramları ilə ölkəmizin əməkdaşlığının daha da inkişaf etdirilməsi üçün ardıcıl səylər həyata keçiriləcəyi vurğulanıb.
Baş direktor Sahle-Vork Zevde ölkəmizlə BMT-nin Nayrobi şəhərindəki bölməsi arasında əlaqələrin inkişafı üçün əməkdaşlıq etməyə hazır olduğunu deyib, Azərbaycanın dünyada sülhün dəstəklənməsində, multikulturalizmin təşviqində rolunu və təcrübəsini yüksək qiymətləndirib.