Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Milli-mədəni dəyərlərin internet mediada təbliği”- www.CultNews.az layihəsinə start verib.
Birliyin sədri Səbuhi Abbasov layihənin aktuallığından bəhs edərək bildirib ki, informasiya məkanının sürətlə internetləşdiyi dövrdə milli dəyərlərin qorunması vacibdir. İKT eyni zamanda ən uğurlu təbliğat vasitəsi hesab olunur. Belə ki, bir çox inkişaf etmiş ölkələr öz milli irslərini, tarixi abidələrini internet resursları üzərindən dünyaya təbliğ edir və beləliklə də həm tarixlərini dünya tarixi irsinə daxil edir, həm də öz turizm imkanlarını daha da artırmış olurlar.
Qeyd edək ki, layihə çərçivəsində www.CultNews.az saytı yaradılacaq. Saytda işğal altında olan torpaqlarımızda erməni qəsbkarları tərəfindən məhv edilmiş tarixi abidələrimiz haqqında məlumatların yayılması, dünya mədəni irsinə erməni vandalizminin vurduğu ziyanla bağlı sorğular keçirilərək nəticələrinin beynəlxalq təşkilatlara göndərilməsi, sosial şəbəkələrin imkanlarından istifadə edərək təbliğat işlərinin aparılması nəzərdə tutulub.