Barat  Vüsal

Azərbaycan Yazıçılar Birliyinin Qazax filialının sədri


Sən təkcə Qazağa salam vermədin...

Aşıq Əhməd, ustad, sənin salamını beşik laylası kimi eşitdim.
Dünyada ilk dəfə eşitdiyim sözlərdən biri kimi sevdim sözünü!
Sevdim şeirini!
Sevdim sazını!
Sən, bəlkə də, bir Salamdan əvvəl təkcə Kürdəmirin şairiydin.
Qazağa (eləcə də Qarabağa!) verdiyin Salamdan sonra hamının şairi oldun, hamının aşığı oldun, hamının Aşiqi oldun!
Sən dünyaya bir dəfə gəlmişdin...
Sən bu dəfə dünyaya Qazağa salam verməklə gəldin və dedin:
«Günəş telli bizim Şirvan elində
Gəl gedək, Qazağa bir salam  verək.
... Vurğun gəzən yeri bizə kim desə,
Əhməd, o torpağa bir salam verək!..»
... Sən Qazağa salam verdin. Sən təkcə Qazağa salam vermədin.
Saza salam verdin!
Sözə salam verdin!
Əslində bu Dərbəndə, Kərkükə, Borçalıya, Göyçəyə, Naxçıvana, Zəngəzura, Təbrizə... salam verməkdi, salam deməkdi.
Türkə, bütün türk dünyasına salam verməkdi, salam deməkdi!
Salam Allah salamıdı, deyərlər.
Sənin də salamın Allahın salamıydı.
Odur ki, bütün ocaqlara, bütün qulaqlara çatdı.
Sən elə bil ki, ilk şeirini Qazağa salam verməklə yazmısan. Sən elə bil ki, ilk dəfə sazı əlinə  Qazağa salam verməklə almısan, çalmısan!?
Sənin salamın ustad salamıydı, ağsaqqal salamıydı!
Alınmalıydı!
Alındı da!
Əleykümsalam!