Oktyabrın 14-də Xalça Muzeyində Azərbaycan “Şekspir xalçası” müsabiqəsinin qalibi elan olunacaq. Mərasimdə hər kateqoriya üzrə qaliblər mükafatlandırılacaq. Qalib gəlmiş üç dizaynda xalçalar toxunacaq. Müsabiqənin ümumi qalibi Londonun Viktoriya və Albert Muzeyinə və Şekspirin “Qlobus” teatrına səyahət mükafatına layiq görüləcək.
Müsabiqə “British Council”, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Xalça Muzeyi ilə birlikdə Şekspirin anadan olmasının 450 illiyi şərəfinə təşkil edilib.
Müsabiqə Azərbaycanın xalça sənəti sahəsində zəngin mədəni irsini və Şekspirin dünya ədəbiyyatında tutduğu yeri bir araya gətirir. Layihəyə may ayında start verilib və 60-dan çox dizayn təqdim edilib. Xalça dizaynları Şekspirin pyeslərindəki səhnələri və əsərlərindəki motivləri təsvir etməklə yanaşı, Azərbaycan ənənələrini əks etdirir.