Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) prezidenti Günay Əfəndiyeva Ankarada bir sıra görüşlər keçirib.
Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu ilə görüşən G.Əfəndiyeva ona Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və üzv ölkələrin dövlət başçılarının dəstəyi ilə təsis edilən qurumun fəaliyyəti barədə məlumat verib, gələcək layihə və planlardan söz açıb.
TMİF-in türk dünyasına məxsus tarixi-mədəni irsin qorunması və təşviqi baxımından rolunu vurğulayan M.Çavuşoğlu qeyd edib ki, Türkiyə Fondun fəaliyyətini hər zaman dəstəkləməyə hazırdır.
Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti türkdilli xalqların mədəniyyətinin, irsinin qorunması, araşdırılması və təşviq edilməsi baxımından önəmlidir.
Bu sözləri Türkiyə Baş nazirinin müavini Tuğrul Türkeş Günay Əfəndiyeva ilə görüşündə deyib.
Türkiyə hökumətinin mədəniyyət, tarix qurumları, qeyri-hökumət təşkilatları ilə əlaqələrinə məsul olan Baş nazirin müavini qeyd edib ki, Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti də bu sırada daim diqqət mərkəzində olacaq.
TMİF prezidenti Günay Əfəndiyeva Türkiyənin UNESCO üzrə Milli Komissiyasının sədri Öcal Oğuz ilə də görüşüb.
Ö.Oğuz TMİF-in rəhbərini Milli Komissiyanın işi ilə tanış edib. Görüşdə ortaq əl sənətlərinin araşdırılmasını nəzərdə tutan "Türkiyə və Azərbaycan ənənəvi əl sənətləri" layihəsinin yekun mərhələsi müzakirə olunub.