Oktyabrın 12-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Multikultural yazılı abidələrin - əlyazmaların tədqiqi məsələləri” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsinin beynəlxalq ictimaiyyətin diqqətinin respublikamıza yönəlməsində böyük rol oynadığını söyləyib.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev ölkəmizdəki tolerantlıq mühitindən, multikultural dəyərlərin tarixi köklərindən danışıb. Vurğulanıb ki, multikulturalizm Avropada iflasa uğradığı bir vaxtda Azərbaycanda elmi-nəzəri fikrin əsasına, insanların həyat tərzinə çevrilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Bakıdakı Misir Mədəniyyət Mərkəzinin sədri Əhməd Sami Elaydi və başqaları mövzu ilə bağlı fikirlərini bölüşüblər.