Oktyabrın 29-da Azərbaycan Xalça Muzeyində əyləncəli, interaktiv proqram və görüşlərlə zəngin növbəti “Ailə günü” keçiriləcək.
Layihənin məqsədi valideyn və uşaqlar arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək, mədəniyyət və incəsənətimizi tanıtmaqdır.
Xalça Muzeyində “Ailə günü” tədbiri hər ayın son şənbəsi “açıq qapı” günü çərçivəsində keçirilir.
İştirakçılar Azərbaycan xalçaçılığı, dekorativ-tətbiqi sənəti ilə yaxından tanış olacaqlar. Onlar muzeydə təşkil olunan ustad dərslərinə qatılaraq öz bacarıqlarını sınayacaq, incəsənət nümunələri hazırlayacaqlar. İştirakçıları kompüter proqramında virtual xalçanın yaradılması, saxsı qablar üzərində xalça rəsmlərinin və akril boyalarla dibçəklərin üzərində rəngarəng təsvirlərin çəkilməsi, dekorativ bəzək əşyalarının hazırlanması və digər əyləncəli oyunlar və masaüstü tapşırıqlar gözləyir.