Bakıda elmi konfrans keçiriləcək

10-11 noyabr tarixində Bakıda Mədəniyyət və Turizm Nazirliyi və İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmalar Mərkəzinin (İRSİKA) birgə təşkilatçılığı ilə “Dağlıq Qarabağın mədəni və memarlıq irsinin qorunması” mövzusunda elmi konfrans keçiriləcək. Konfransda UNESCO, İRSİKA kimi beynəlxalq təşkilatlardan, həmçinin Türkiyə, Fransa, İtaliyadan ekspertlərin iştirakı gözlənilir.
Tədbirə hazırlıq məqsədilə oktyabrın 18-də Mədəniyyət və Turizm Nazirliyində görüş keçirilib. Görüşdə nazir müavini Sevda Məmmədəliyeva, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Memarlıq və İncəsənət İnstitutunun direktoru Ərtegin Salamzadə, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova iştirak edib.
Tədbirə hazırlıqla bağlı təşkilati məsələlər, konfransın sessiyalarının mövzuları müzakirə edilib. Konfrans zamanı Qarabağın tarixi, mədəni və memarlıq irsi ətrafında fikir mübadiləsi aparılacağını bildirən nazir müavini tədbirin Azərbaycan üçün əhəmiyyətini vurğulayıb.