Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi Rusiyanın Bərpa üzrə Elmi-Tədqiqat İnstitutu ilə sıx əlaqə saxlayır. Mərkəzin direktoru Zərifə Məlikova institutun dəvəti ilə oktyabrın 18-19-da “Rusiya bərpaçılığı müasir mərhələdə” mövzusunda tədbirdə iştirak edib.
Direktor səfər zamanı institutun son elmi nailiyyətləri, rusiyalı mütəxəssislərin müasir bərpa üsulları metodikası və yeni texniki avadanlıqlarla tanış olub.
Səfər çərçivəsində Rusiyanın Bərpa üzrə Elmi-Tədqiqat İnstitutu və Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi arasında 2011-ci ildə bağlanmış ikitərəfli saziş yenilənib. Sənədə institutun direktoru Dmitri Antonov və MSXƏEBM-in direktoru Zərifə Məlikova imza atıb.
Qeyd edək ki, Rusiyanın Bərpa üzrə Elmi-Tədqiqat İnstitutunun dəvətinə əsasən Azərbaycan mütəxəssisləri ötən illərdə “Mədəni irsin tədqiqi və konservasiyası”, “İnnovasiya texnologiyası və mədəni irs” mövzulu beynəlxalq elmi-metodik konfranslara və digər tədbirlərə qatılıblar.