Efir nəinki ölkənin şəxsi durumunun, həmçinin onun hüdudlarından xaricdə baş verən ən aktual və mühüm problemlərin aynasıdır. Ortaya atılan böyüklü-kiçikli hər məsələnin anası, şərhçisi, yayıcısı, ötürücüsü, bəzən lap yaradıcısı da efirdir. Bir sözlə, bu gün teleməkan həyatımızın ayrılmaz parçası, qulaq yoldaşımızdır. Yayıma çıxarılan istənilən proqramın başlıca meyarı ilk növbədə reklam- milli dillə ifadə etsək təbliğdir. Burada verilişin çeşidi önəmsiz: ədəbi təbliğ, mədəni təbliğ, iqtisadi təbliğ və s. Telearenadan tövsiyə olunan nə varsa dinləyicinin ağlına batan nəsnədir. Düzdür, tamaşaçı fakt olaraq bir şeyi unudur ki, reklamın səbəbi obyektin keyfiyyətsizliyi zəminindən doğur. Amma hər halda sənayedən tutmuş ərzağacan nə varsa, hamısı kütləvi satışı üçün reklama borclu. Kimsə söhbətimin reklam bazarı həndəvərində fırlanacağını zənn etməsin. Əsla! Sözümün canı, canımı incidən mətləb başqadır. Axı efirlərin daimi sakininə çevrilmiş elə nümayişlər var ki, onun tamaşaçıya yalnız və yalnız zərəri dəyməkdədir. Bilmirəm məndən əvvəl bu mövzuya kim və necə müraciət edib, amma mən mətnimi belə adlandırardım: kriminal mədəniyyət. Sovet Azərbaycanının yeganə teleməkanında bir proqram vardı- "İnsan və qanun". Ölkədə baş vermiş cinayətlər haqqında üstüörtülü söhbət açar, hadisə yalnız rəqəmlər əsasında şərh olunardı: filan tarixdə baş verdi, mütəhhimin cəzası bu maddəylə müəyyənləşdi, bir belə il azadlığa "əlvida" deyəcək, vəssalam. Bəyəm onda qatı, amansız cinayətlər baş vermirdi? Yoxsa hadisəni ən xırda təfərrüatınacan xırdalamağa efirin zaman məhdudiyyəti imkan vermirdi? Xeyr, səbəb özgədir. Sovet quruluşunun tele aləmində senzura adlı kəsərli bir qılınc var idi ki, efirdə canlanan bütün proqram-proseslər onun qayçısı altında fəaliyyət göstərirdi. O cümlədən kriminal xəbərlərin şərhi də müəyyən qapalı məlumat-təəssürat xarakteri daşıyırdı. Bir sözlə, cinayət hadisələri ən xırda təfərrüatınacan işıqlandırılmırdı. Bu izahlı nümayişlərin insan psixologiyasına təsirini yalnız mənfi göstəriciylə dəyərləndirə bilərik. Deməli, keçmiş efir başbilənlərinin siyasi və psixoloji bilgisi heç də az deyilmiş, hətta təqdirəlayiq halmış. Hardasa, özünü asmaqla həyatına son qoyan birisini mavi ekrandan seyr edən yeniyetmə gənc şəxsi faciəsi səbəbindən əsəblərinə hakim ola bilmədikdə canını qurtarmağın yolunu özünü asmaqda görür. Nənəsinin min bir əziyyətlə topladığı təqaüdə gözünü dikən nadanın birisi niyyətini həyata keçirmiş digər həmfikirini efirdən izlədikdə planının icrasını tezləşdirir.Bu misalları nə qədər desən artırmaq mümkündür. Belə kadrları əsəbsiz seyr etmək olurmu? Üstünə o qədər kriminal xəbərlər yağır ki, bilmirsən başını götürüb hara qaçasan. Cinayətlərin baş vermə üsulları da ki, hər kiçik təfsilatınacan açıqlanır (vallah, heç maarifləndirmə yönündə verilişlərə rast gəlmirik). Beləliklə də, cinayətlərin sayı günü-gündən daha da artır. Biri digərindən öyrənir, birinin qeyri-insani əməlləri digər izləyicilərə sirayət edir.Yenə televiziya maddi baxımdan bununla nəsə qazanır, insanların bəxtinə isə ancaq itirmək düşür. Mövzudan kənar hesab edilməsin. Elə ki, gecə saat on ikini ötür, sanki efirlərdə qorxunc filmlər saatı başlanır. Nümayiş olunan kadrlar insanda yalnız azğınlaşma meyli gücləndirir: qanlı sifətlər, əcayib-qəraib ab-hava. Həyatilikdən tamamilə uzaq, vəhşi dünyanın ağlasığmaz tərənnümü. Gələcək nəslin əxz edə biləcəyi ən çirkin ünsürlər. Bu mədəni niyyətin təzahürüdür, yoxsa hansısa məqsədə çatmaqdır? Nədir bu? Vallah istər üstü bəzək, altı təzək parfümeriya məhsullarının, istərsə də istifadə müddəti bitdiyindən yeganə satış yolunun çarəsini reklamda görən qida-ərzaq növlərinin təbliği bundan min pay üstündür. Biri var bir neçəsi zərər çəkə, bir də var kütləvi-mənəvi zəhərlənməyə məruz qalaq. Axı insanın adi oturub-durma qaydasından tutmuş ta qlobal problemlərinəcən hər şeyin mütləq şəkildə mədəni söykənəcəyi olmalıdır. Samirə Rüstəmova






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar