Əhalinin müxtəlif təbəqələrini əhatə edən sorğumuzun məqsədi telekanallarımızda yayımlanan mədəniyyət verilişlərinə marağın səviyyəsini müəyyənləşdirmək idi. Son nəticə isə gözlədiyimizdən də kəskin reallığı ortaya çıxardı. Bu da əlahəzrət fakt; tamaşaçı bizim teleməkanın mədəniyyət yönümlü hansısa verilişini xüsusi olaraq xatırlamır. Bu o demək deyil ki, teleizləyicini mədəniyyət faktoru maraqlandırmır. Görünür, elə əlacsızlıqdan bir çox sorğu iştirakçıları şou xarakterli "El içində" verilişini və ya hansısa meyxana yarışmasını mədəniyyət misalında cavablandırırdılar.  Tamaşaçı mədəniyyət yönümlü verilişlərə ciddi ehtiyac duyur. Bəlkə, bizim ölkədə mədəni rəngarənglik yoxdur? Məsələ burasındadır ki, televiziya  ölkədə baş verən mədəni hadisələri lazım şəkildə tamaşaçıya ötürə bilmir. Bəzən isə bu məlumatlar çox səthi xarakter daşıdığından hadisənin mahiyyəti heç bir effekt doğurmur.

 Bir vaxtlar əksər telekanallar əsas xəbərlər saatında xüsusi olaraq mədəniyyət informasiyalarını efirə ötürürdü. İndi isə bu meyar dəyişib. İnformasiya saatının sonunda, iqtisadi xəbərlərin təqdimindən dərhal sonra idman yeniliklərinə keçirlər. Tamaşaçı mədəni informasiya baxımından sanki vakuuma salınıb. Mədəniyyət yönümlü verilişlər azlıq təşkil etdiyindən populyarlıq baxımından seyrçinin menyusuna daxil ola bilmir. Üstəlik olan verilişlərin də cansıxıcılığı, bugünkü intellektual kəsimi qane etməməsi sorğu iştirakçılarımıza haqq qazandırır: teleməkan mədəni böhranını yaşayır. Tutaq ki, bir rəssam  haqqında portret janrını  ölgün və bayağı cümlələrlə təqdim edilir ki, istər-istəməz canlı verilən meyxana vurhavurunu izləməyi üstün tutursan. Ara-sıra uğurlu alınan verilişləri çıxsaq, teleməkanımızın mənəvi qida olan mədəni auraya bizi çəkə bilmədiyini qəti surətdə söyləmək olar. Tamaşaçı mədəni ovqata o səpkili verilişlərlə köklənə bilmir. Bəlkə buna görə də sorğumuzda iştirak edən və xarici telekanalları izləmək imkanı olan respondentlər Türkiyə və Rusiya efir məkanının təqdim etdiyi mədəniyyət yönümlü verilişlərin ən azı adlarını asanlıqla xatırlayırlar. Çünki səviyyəli veriliş hansı ampluada olmasından asılı olmayaraq yaddaşlarda qalır. 

 Telekanallarımız, doğrudanmı, mədəni janrda böhran yaşayır? Bu böhrandır, yoxsa inkişafın müəyyən mərhələsi? Biz teleməkanda mədəniyyət fenomenini düzgün dərk edirikmi? Ümumiyyətlə, mədəniyyət sözünün latınca mənası nəyi isə becərmək, nəyə isə qulluq etmək deməkdir. Bizim kontekstdə mədəniyyət təkamül prosesində yaradılmış və yaradılan insanın həyat formaları üçün ümumiləşdirilən addır. Mədəniyyət əxlaqi, mənəvi və maddi dəyərlər, bilik, adət-ənənədir. Televiziya isə sənətşünaslıq və kulturologiyanın nəzəriyyəsinə əsasən audiovizual mədəniyət sahəsinə aiddir. Belədə  televiziyanın bir vəzifəsi də mədəni informasiyanın qeyd etmək və yayımlamaqdır. Burada televiziya mədəni  mühitin yenidən yaradılması və gələcəyə ötürülməsi üsulu  kimi çıxış edir. Televiziyanın əks etdirmə qabiliyyəti, güzgü xüsusiyyəti onun haqqında mədəni informasiyanın yayıcısı, mədəni prosesin kifayət qədər əhəmiyyətli iştirakçısı kimi danışmağa imkan verir. Mədəni norma və dəyərlərin ictimai həyata teleməkan vasitəsi ilə vəsiqə alması müasir dövrün daha əhəmiyyətli institutlarındandır. Qarşı cəbhədən isə bu tip fikirlər eşitmək olar ki, bu gün cəmiyyət daha çox şou xarakterli verilişlərə üstünlük verir. Keçirdiyimiz sorğu və təhlil isə bunun əksini sübut edir.

Sorğu iştirakçılarının rəyi göstərir ki, sanballı mədəni verilişlərə ehtiyac cəmiyyətin sosial sifarişidir. Necə olur ki, sorğuda iştirak edən respondentlərimiz uzaq və yad ölkənin mədəni janrlı verilişlərini izləyir. Ən azı ona görə ki, o verilişlər bizim televiziya kanallarının tamaşaçıya verə bilmədiyi mənəvi qidanın əvəzləyicisi rolundadır. Burada bir haşiyə çıxım. İndi heç bir tamaşaçı son dəfə hansı teletamaşanı izlədiyini, xatırlaya bilmir. Amma xaricdən, peyk vasitəsi ilə doğma dilimizdə yayımlanan "Bakı" telekanalı hər gün ötənlərdə çəkilmiş teletamaşalarımızı nümayişə çıxarır. Yolum düşən bir neçə regionda bu  teletamaşalara görə həmin kanalın izlədiyini müşahidə etmişəm. Neçə vaxtdır ki, TV-lərimiz milli serial yaratmaqda uğursuzluğa düçar olublar. Əslində, bizdə bunun ənənəsi də var, tamaşaçısı da... Mümkündür, sadəcə elə düşünürlər ki, tamaşaçını mənasız gülüşə yönləndirmək daha yaxşıdır. Unudurlar ki, bu mərhələ qızdırma xəstəliyi kimi çoxdan ötüb keçib. Bizim efir məkanında normal bir ədəbi veriliş yoxdursa, bu heç də o demək deyil ki, cəmiyyətimiz ədəbiyyat dünyasına maraqsızdır, bu yöndə qüvvə sərf etmək əbəsdir.

Bu gün təkcə bir ədəbi saytın 70 min izləyicisi varsa, telekanalın efir imkanlarını nəzərə almaqla populyar ədəbi verilişlə öz tamaşaçı auditoriyasını genişləndirmək imkanı daha böyükdür. Yeri gəlmişkən, ədəbi  verilişlər bu gün ancaq AzTV və İTV-də yayımlanır. Ancaq bu verilişlər də qüsurlardan xali deyil. Onları izləyərkən belə bir qənaət hasil olur ki, müvafiq redaksiyalarda ədəbiyyatı bir proses kimi  müşahidə və təhlil edənlər yoxdur. Üstəlik ədəbi verilişlər köhnə texnologiyalı və primitiv "gələcək yaradıcılıq planlarınız" səpkili suallar silsiləsi ilə hazırlanır. Dünyada böyük bir ədəbi proses gedir. Bu ciddi prosesi virtual formada izləyənlər də var. Bizdə isə hələ də heç bir funksionallığı olmayan birisini şair deyə ekrana dartırlar. Türkiyənin TRT kanalında ədəbi bir veriliş var, reytinqi də kifayət qədər yüksəkdir. Bizdə şou-biznes ulduzlarının aparıcılığına üstünlük verildiyi tok-şoularla rəğbət qazanılacağını düşünürlər. Amma bizim bu "ulduzlar" çox pis şəkildə İbrahim Tatlısəsin, Seda Sayanın, Bülənt Ərsoyun şou aparacılığını təkrarlayırlarsa, heç olmasa, qardaş ölkə teleməkanını daha yaxşı öyrənsinlər.


Ucuz, kobud şouların üstünlüyü... Axı  bu gün telekanalda mədəniyyət adına verilişlər kobud, zövqsüz kimi, satılan məhsuldur. Lakin  kobudluq və zövqsüzlükdən fərqli olaraq, mədəniyyət böyük xərclər tələb edir. Mədəniyyətə yatırılan vəsait reytinqlər və SMS "dənizi" kimi, bir dəqiqəyə qayıtmır. O, uzunmüddətli faydaya hesablanıb: efir vaxtının dəqiqəsi çox bahadır və buna görə də, yayımçılar nə qədər yüksək keyfiyyətli olsa belə, teatrla bağlı proqram qoymaqda maraqlı deyillər. Bunun üçün dövlət televiziyası var. Dövlət televiziyasında kommersiya kanalında  əksini tapmayan ən vacib mənəvi dəyərləri özündə əks etdirən verilişlər saxlanılmalıdır. Dövlət televiziyasının ən mühüm missiyası ondadır ki, Azərbaycan ənənələrini, tarixini və mədəniyətini hifz etməkdir... Amma dövlət kanalında da balet səhərə yaxın göstərilirsə... Atatürkün fikridir: "Teatr - ölkənin mədəni səviyyəsinin güzgüsüdür". Axı televiziyaya qədərki dövrdə, teatrın böhranı bütün cəmiyyətin böhranının nəticəsi kimi nəzərdən keçirilirdi. Qorxuram ki, bu günün tele böhranına səbəb olsun. Teleməhsulların orta statistik istehlakçısı "siz nəyə baxmaq istəyərdiniz?" sualına birmənalı belə  cavab verir:  doğru informasiya, maarifçi-intellektual proqramlara, muğama, zorakılığın, qətllərin olmadığı yaxşı filmə və digər buna bənzər verilişlərə. Əfsuslar ki, "mədəni aclıq" keçirən tamaşaçı əlacsız qalıb "Yağ kimi"yə, "Bazar"a, "Fərda şou"ya və macəralarla dolu seriallara baxır. İntellektual səviyyəsi yüksək olan respondentlərdən heç biri ucuz şoular və parno filmlərə baxmırlar. Artıq cəmiyyət də mövqeyini bildirir, ona mənəvi qida lazımdır.


Sabutay







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar