Uşaqdan böyüyə qədər kino ölkəsi

Adətən, Azərbaycan kinosunun bugünkü durumundan, çəkilən filmlərin keyfiyyətindən danışanda (daha çox narazılıq bildirəndə) müqayisə üçün hamımızın yadına eyni bir məkan - Gürcüstan düşür. Belə təəssüurat yaranır ki, bizlər Azərbaycanı tanıdığımız, Azərbaycan mədəniyyəti, kinosu haqqında bildiyimiz qədər də Gürcüstan kinosu haqqında bilirik. Bu  fikir nə dərəcədə həqiqətə uyğundur? «MDB ölkələri kinosu bu gün» rubrikasının mövzusu Gürcüstan kinosu barəsindədir. Beləliklə,gürcü kinosu haqqında bildiklərinizi bir də nəzərdən keçirin, bilmədiklərinizdən isə xəbərdar olun.

Tarixi arayış

Gürcü kinosunun tarixi Avropa kinosu ilə eyni vaxtdan  başlayıb. Tiflisdə ilk  kinoseans  16 noyabr 1896-cı ildə keçirilib. İlk nümayişdən sonra Gürcüstanın Kutaisi və bir neçə başqa şəhərlərində də kino mərkəzləri açılıb. 1908-ci ildə Diqxmelov və Amaşukeli gürcü kinosunun ilk eksperimental kadrlarını çəkiblər. Gürcü kinematoqrafiyasının rəsmi yaranma tarixi isə 1912-ci ildən hesablanır. Məhz bu tarixdə rejissor Amaşukelinin «Akakiya Sereteli Raça- Leçkumidə» adlı ilk tammetrajlı sənədli filmi meydana çıxıb.
1916-cı ildə rejissor Çuçunava klassik gürcü ədəbiyyatının nümunəsi əsasında ilk «Kristina»  bədii filmini çəkir. Gürcü kinosu elə birinci gündən cəmiyyətin intellektual, elit təbəqəsi ilə sıx əlaqədə inkişaf edirdi. Elə bu cəhət də gürcü kinosunun istiqamətini, prinsiplərini müəyyənləşdirmişdi.


Sovet hakimiyyəti dövründə gürcü kinosunun maraqlı nümunələri yaranıb, baxmayaraq ki, rejissorlar tez-tez simvollara, alleqoriyalara  müraciət etməli olublar. Yüksək peşəkarlığı sayəsində  gürcü filmləri  həmişə  beynəlxalq kinofestivallarda maraqla qarşılanmışdı. Gürcü rejissorlarının işləri müxtəlif festivallarda mükafatlar qazanıb. Lakin seçilən filmlərin surətləri minimum sayda hazırlanıb. Doğrudur, gürcü rejissorlarının da arasında konformizmi seçənlər, yaradıcılığını sovet ideologiyasının təklif  etdiyi prinsiplər üzərində quranlar az olmayıb. Ancaq  60-70-ci illərdə  «Yeni gürcü kinosu» fenomenini yaradan yeni rejissorlar nəsli yetişdi.


XX əsrin II yarısında kinoya təşrif buyuran yeni kinematoqrafçılar nəsli özləri ilə gürcü kinosuna təzə janrlar və stillər gətirdilər. Həmin dövrün ən görkəmli  nümayəndələrindən biri Nikolay Şengelayadır. Ondan başqa, siyahıda  Mixail Kalatozişvilinin, Mixail Çiarueli və başqa rejissorların da adları var. 1955-ci ildə Tenqiz Abuladze və Rezo Çxeidze debüt filmləri «Maqdanın eşşəyi» ilə gürcü kinematoqrafiyasında  yeni mərhələnin açılışını etdilər. Həmin dövrdə çəkilən filmlər neorealizm estetikasının prinsipləri əsasında qurulurdu. Rejissor R.Çxeidzenin  müharibə mövzusunda çəkdiyi «Əsgər atası»  filmini postsovet məkanında görməyən yoxdur. Bu filmdə aktyor Serqo Zakariadze  oynadığı rolla tipik gürcü obrazını yaratmışdı. (Zakariadze bu roluna görə Kann festivalında «ən yaxşı kişi rolu» nominasiyasının qalibi olub). Uzun illər Zakariadzenin qəhrəmanı bütün sovet kinosunda gürcü mənşəli personajlar  üçün etalona çevrilmişdi. Hətta müasir dövrümüzdə də  rus kinosu bu etalondan istifadə etməkdədir.


Tenqiz Abuladze  və Otar İoselianinin filmləri isə gürcü kinematoqrafiyasını dünya kino arenasına çıxartdı. İoselianinin,  demək olar ki, bütün filmləri tamaşaçılar və kino tənqidçiləri tərəfindən alqışlandı.
1972-ci ildə Rustaveli adına Tbilisi Teatr İnstitutunda kino fakültəsi açılır. Bir müddət sonra isə teatr institutunun adı dəyişdirilib Tbilisi Teatr və Kino İnstitutu adlandırılır.

Kinostudiyalar

80-cı illərdə Gürcüstanın kino industriyası inkişafının pik nöqtəsinə çatdı. İldə  60-a yaxın bədii, sənədli və cizgi  filmi istehsal olunurdu.
90-cı illərin əvvəllərində gürcü kino sənayesi sisteminin bünövrəsində «Kvartuli film»  kinostudiyası  dayanırdı.


«Kvartuli film» kinostudiyası özündə «Mematiene» sənədli film studiyasını və «Kvali» və «Orbi» adlı iki animasiya filmləri studiyalarını birləşdirirdi. Lakin bütün lazımi texniki resurslara və materiallara malik olmasına baxmayaraq, kinostudiyanın hökm sürən mövcud sistemi köhnəlmişdi,  fəaliyyət imkanlarını itirirdi. 90-cı illərdə «Kvartuli film» kinostudiyası ildə səkkiz bədii, «Mematiane»  isə 60-70 sənədli və elmi-kütləvi film istehsalata buraxırdı.
«Kvartuli film»dən əlavə «Gürcüfilm»  kompaniyası 30 ildir,  fəaliyyət göstərir. Bütün bu illər ərzində kompaniya 1200 müxtəlif janrlı filmlər istehsal edib və onların sırasından 100 film müxtəlif kinofestivalların mükafatlarını qazanıb. Kompaniya bədii və video filmlərin istehsalı üçün gərəkli olan texniki avadanlıqla tam təmin edilib.


 «Gürcü film» kinostudiyasının direktoru, rejissor Revaz Çxeidzenin də müsahibələrində qeyd etdiyi kimi,  «Gürcüfilm» hal-hazırda dövlət müəssisəsi deyil və fəaliyyətini səhmdar cəmiyyət qismində davam etdirir. Cəmiyyətin 2800 üzvü var. Bu kontingentə studiyanın Tbilisi, Suxumi, Batumi, Kutaisi şəhərlərindəki kinoteatrlarda çalışan işçilər də daxildir. Yeri gəlmişkən, onu da qeyd edək ki,  «Gürcüfilm» Səhmdar Cəmiyyətinin yenidən qurulmasında alman hüquqşünaslarının böyük əməyi var. Onlar layihənin hazırlanmasına iki il vaxi sərf  ediblər.


«Gürcüfilm»  studiyası zəngin filmotekaya malikdir. Burda gürcü kinosunun ən unikal nümunələri qorunub saxlanılır. Təəssüf ki, bir müddət əvvəl studiyaların ərazisindəki birmərtəbəli binalardan birində baş vermiş yanğın zamanı  filmotekanın «sərvəti»nin bir hissəsi məhv olub. Onların içində Georgi Şenqeliyanın «Çətir», «Pirosmani», Otar İoselianinin «Bir nəğməkar quş vardı», Mixail Kobaxidzenin «Toy», «Musiqiçilər», İrakli Kvirikadzenin «Musiqiçilər», Teymuraz Babluaninin «Sərçələrin köçü» filmlərinin orijinal variantları da var.


 Sovet İttifaqı dağılandan sonra digər respublikalarda olduğu kimi  gürcü  kinematoqrafiyası da ağır iqtisadi və siyasi böhranla üz-üzə qaldı. Aktyorlar və texniki işçilər işdən azad olundu, kinoteatrlar bağlandı. Əhalinin kinoteatrlara getməsi zəiflədi. 90-cı illərdə çəkilən gürcü filmləri həmin dövrdə ölkədə mövcud olan ümidsizlik, qorxu, xaos atmosferini özündə yetərincə əks etdirə bilirdi - A.Çabadzenin «Gecə rəqsi», T. Balbuaninin «Gecə yarısı yolçuları», M.Kalatozişvilinin  «Favorit», D. Çinçadzenin «Son həddə», T.Mqeladzenin «Yox, mənim dostum», K.Kikabidzenin «Göl» filmləri belə filmlərdəndir.


Ancaq 1995-ci ildən etibarən görüntü dəyişməyə başlayır.  Müstəqil studiyalar və kino kompaniyalar açılır. Hazırda Gürcüstandakı   kino və video filmlər istehsal edən kompaniyalar alternativ maliyyə mənbələri hesabına fəaliyyət göstərir. Son vaxtlar isə televiziya  kanalları da yerli filmlərin istehsalı ilə maraqlanmağa başlayıblar. Məsələn, 2003-cü ildə «IX kanal» telekompaniyası dörd  qısametrajlı filmi maliyyələşdirib. «İmedi» teleşirkəti paralel olaraq altı teleserial istehsal edir. «Gürcüstanın müasir tarixi» sənədli serialını «Rustavi 2» telekanalının maliyyə dəstəyi ilə araya-ərsəyə gəlmişdir.

İntiqam







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar