qan axan vahə

Türk kinosunun saxta göz yaşları, sapsarı melanxoliya və sentimentallıqla dolu Yeşilçam dövründən sonra Yılmaz Güney, Osman Kavur, Çağan Irmak kimi rejissorların gəlib çıxdıqları sağlam dövr başladı. Onların dünyanın sənət dairələrində qazandıqları hörmətini “silah-sevgi-dini mistika” triadasından sağa-sola bolluca istifadə edən “Kurtlar Vadisi” yaradıcılarının birdən-birə çəkdikləri əldə olunmuş uğurları yerə vurdu.

Kommunist sənətçi Yılmaz Güneyin “Yol” filmi də 1982-ci ildə Kann festivalında baş mükafatı əldə etmişdi. Bütün bunların ardınca, millətçi cameənin və reytinq naminə istənilən hiyləyə əl atmağa hazır olan telekanalların “Kurtlar Vadisi” projesini Türkiyə kinematoqrafiyasının ən böyük uğuru adlandırması bir qədər müəmmalı görünür. Səhv etmirimsə,elə Anadolunun özündən çıxmış bir məsəldir: “Musiqini parası çox olan sifariş verər, amma zurnanı sonadək nəfəsi güclü olan çalar”. Əlavə şərhə heç bir ehtiyac yoxdur.

“Sənət - həyat oyunudur. Bura həyatı qatmaq heç gərək deyil, ölümü isə ümumiyyətlə!”

Bir neçə il öncə, adını unutduğum rusiyalı televiziya mütəxəssisinin birdən-birə ölkə telekanallarında nümayiş etdirilməyə başlayan yerli serialların çoxdan əfsanəyə çevrilmiş Latın Amerikasında çəkilən “sabun köpüyü operaları”ndan daha çox sevilməsinə və təbii ki, reytinq qazanmasına göstərdiyi səbəbi xatırlayıram. “Mentı”, «Banditskiy Peterburq» kimi rus lentləri Xuanla Marqaritaların acınacaqlı həyatı və nakam sevgilərindən söhbət açan Braziliya və ya Venesuela seriallarına nəzərən, dinamik süjet xəttinə malikdirlər. Daha çox izləyici gerçək həyat və emosiyaları üstələnməyə cəhd etməyən yerli seriallara maraqla baxırlar.
Təbii ki, bu fikrin əleyhdarları da tapılacaq, amma sizlərin nəzərinə arthouse rejissoru Kira Muratovanın Tarkovskinin “Andrey Rublyov” filmində inəyi diri-diri yandırması haqda fikrini çatdırmaq istərdim. Sonra söhbətə qaldığımız yerdən davam edərik: “Sənət - həyat oyunudur. Bura həyatı qatmaq heç gərək deyil, ölümü isə ümumiyyətlə!”


Əlbəttə, serialı sənət nümunəsi saymıram, amma kütləvi mədəniyyətin parlaq təzahürlərindən olan bu janr haqda danışırıqsa, bir gerçəyi etiraf etməliyik: ciddi kinonu izləyən şəxsdən fərqli olaraq, serial azarkeşi vaxt öldürmək, başını qatmaq məqsədi güdür. Yaradıcılara qalansa, nəyin bahasına olursa-olsun, seyrçinin maraq damarını tutaraq, yüksək izlənmə reytinqi əldə etməkdir. Söhbət “Kurtlar Vadisi - Terror”a gəlincə isə, elə ilk seriyadan məlum oldu ki, «Pana Film»dəki “usta”lar həmişəki kimi öz prinsiplərinə sadiq qalıblar, yəni məqsəd vasitəyə haqq qazandırmaqdır.
Türkiyənin cənub bölgələrində baş vermiş qanlı olayların mövzu olduğu serial mafiyanın çökdürülməsi haqda virtual “Kurtlar Vadisi” əməliyyatından bəhs edən ilk serial və İraqda xidmət göstərən sülhməramlıların sözün gerçək mənasında başına gələn “çuval əməliyyatı”nın anladıldığı filmlə müqayisədə daha qanlı, həm də açıq mövzuya toxunduğundan söz-söhbətlərin tezliklə bitəcəyini gözləmək düzgün olmaz.

 
“Mən gerçək həyat çaqqallarına qarşı savaşıram, serial çaqqallarına ayıracaq vaxtım yoxdur”

 “Kurtlar Vadisi” projesinə qarşı ilk vaxtlar öz yazılarında çıxış edən məşhur jurnalist Fateh Altaylıysa iddia edir ki, ağzını yummayacağı təqdirdə, vurulacaq müəllif onun özüdür. “Mən gerçək həyat çaqqallarına qarşı savaşıram, serial çaqqallarına ayıracaq vaxtım yoxdur” deyən köşə yazarı həm də serial istehsalçılarını məhkəməyə verməklə hədələyir.
Elə indicə anladıb bitirdiyim Altaylıyla ilgili olayın sonradan seriala daşınması, yenidən gerçək həyatdan etirazlar alması öz-özlüyündə postmodern fəlsəfənin çoxdan gerçək həyatla virtuallıq arasındakı bütün sərhədlərin pozulması zərurətinin Türkiyə reallığında yüzdə yüz necə baş verdiyini göstərir.

İzləyiciyə şişirdilmiş “super oğlanlar” sırınır

Aktyor ifası baxımından son dövrlər Türkiyə kinematoqrafiyanın ən böyük uğurları hesab edilən “Mustafa haqqında hər şey”, “Atam və oğlum” kimi filmlərin əksinə, “Kurtlar Vadisi” heç vaxt aktyor heyətiylə xüsusi seçilməyib. Əksəriyyəti qeyri-kino sahəsinə məxsus, millətçi cameənin üzvləri təşkil edən, yerdə qalanları isə ən yaxşı halda ikinci dərəcəli aktyorlar olan serialın gedişi bəzən o qədər pafoslu, şişirdilmiş hal alır ki, izləyici istər-istəməz qardaş olan Azərbaycan və Türkiyə arasındakı oxşarlıqları yada salmalı olur.
Filmlərinə daha çox qeyri-peşəkarları çəkməyi sevən Pazolinidən fərqli olaraq, haqqında danışdığımız türk filminin qəhrəmanları daha çox əfsanəvi bir qatla da əhatə olunduqlarından, izləyiciyə şişirdilmiş “super oğlanlar” sırınır. Əlbəttə, istəməyən kanalı çevirə bilər, amma onu da nəzərə alın ki, izləyici marağını qazanmaq üçün serial yaradıcıları tərəfindən atılmış ən böyük addımsa, sadə anlatım tərzində intriqalı süjet xətti və qarşı-qarşıya qoyulan güclər arasındakı təmas xəttinin maksimum dağıdıcı əhval-ruhiyyəsidir.

“Axıdılan bu qədər qanı ağardacaq yuyucu toz, qatil əli yuyacaq sabunların hələ ixtira edilmədiyini unutmayaq”

Türkiyənin məşhur şairi və insan hüquqları uğrunda hərəkatın fəal nümayəndələrindən olan Murathan Mungan şəxsi veb-saytında yerləşdirdiyi “Sivil etiraz adına suya atılan daş” adlı məqaləsində yazır: “Axıdılan bu qədər qanı ağardacaq yuyucu toz, qatil əli yuyacaq sabunların hələ ixtira edilmədiyini unutmayaq”. “Kurtlar Vadisi”nə reklam verən hər məhsulu, hər firmanı, hər markanı geniş və təşkilatlanmış şəkildə etiraz etməyə çağırır.
Mungan, ümumiyyətlə seriala sadəcə televizyon layihəsi kimi baxmaqdansa, onun düşünüldüyündən daha dərin və qorxunc zədələr törədəcəyi fikrindədir. “Bu şiddət kültürünün aradan qaldırılması üçün daha neçə gəncin potensial qatil ya da qurban olması lazımdır?” sualı Türkiyə cəmiyyəti üçün indi heç vaxt olmamış qədər aktualdır.

Serial ətrafında cərəyan edən postmodern oyunlar təəssüf ki, lentə sirayət edə bilmir

İstehsalçılarına 500 min dollar gəlir gətirmiş “Kurtlar Vadisi” layihəsinə sadəcə pul dağarcığı kimi yanaşanların əksinə, gəlin biz hadisələrə daha dərindən yanaşmağa çalışaq: Serialda nümayiş olunan hadisələr, haqqında bəhs edilən olayların acısı hələ Türkiyənin canından çıxmamış, vətəndaş müharibəsinin vurduğu bütün yaralar sağalmamış ortaya çoxdan markaya çevrilmiş bir serial çıxır və hadisələr iç-içə keçib əriməyə, formasını dəyişməyə başlayır. Serial ətrafında cərəyan edən postmodern oyunlar təəssüf ki, lentə sirayət edə bilmir.