Bir teleserial barədə

İran İslam Respublikasının istehsal etdiyi bir teleserial var: «İmam Əli». Tamaşaçıların yadında olar, «Təkamül» tərcümə mərkəzində dilimizə çevrilən və səsləndirilən bu filmi “Space” telekanalı bir neçə dəfə yayımlayıb. Teleserialı kaset və disklər satılan mağazalardan əldə etmək olar. Doğrudur, bu məhsullar o qədər də keyfiyyətli deyil. Neyləyəsən, kasıbın olanından...

Bütün maraqlı seriallarda olduğu kimi, «İmam Əli» də rejissor, operator işindən daha çox ssenarisi ilə diqqəti çəkir. İllah da ona görə ki, bu ssenari tarixi faktlar əsasında qələmə alınıb. Başqa cür ola da bilməz. Çünki ən fantaziyalı yazıçılar belə Həzrət Əlinin (s) həyatından daha dramatik, daha ibrətamiz bir ömür dastanı yarada bilməzlər. Bu Haqqın iradəsi ilə yaşanan bir ömür, Haqqın iradəsi ilə «qələmə alınan» bir tale dastanıdır.
Serialda hadisələr Kufədən başlayır. Kufə valisi Vəlidin məscid həyətində düzəltdiyi cadugər teatrından...

Doğrudur, serialda bəzən İranın siyasi maraqlarından çıxış etdiyi aydınca hiss olunur. Unutmayaq ki, «İmama Əli» İranın dövlət televiziyası tərəfindən lentə alınıb. Ancaq ayıq tamaşaçı bu ekran əsərindən nə lazımdırsa onu asanlıqla götürə bilər. Çünki İmam Əlinin həyatı, yaşayışı, hərəkətləri, söylədiyi fikirlər bütün ideologiyalardan daha artıq Haqqa, Axirətə hesablanıb. Onu təhrif etməyə isə hər adamın cürəti çatmaz. Çünki bu böyük alimin, yenilməz sərkərdənin, bənzərsiz iman sahibinin həyatını, xütbələrini, ibrətamiz kəlamlarını və hərəkətlərini əzbər bilən minlərlə insan var.

Serialda aktyor oyunu da yüksək səviyyədədir. Burada yüksək istedad sahibi olan böyük bir aktyor ordusu işləyib. Ssenaridəki dialoqlar isə öz dramatizminə, ağır intonasiyasına, dərin mənasına görə seçilir. Hətta tərcümədən belə ərəb semantikasının bəlağətini hiss etmək mümkündür. Halbuki film fars dilində çəkilib, bu dildən isə azəri türkcəsinə tərcümə olunub. Bu faktdan görünür ki, film həqiqətən də peşəkarlar tərəfindən hazırlanıb.

Əlbəttə, mənim məqsədim 34 seriyadan ibarət olan ekran əsərini geniş təhlil etmək deyil. Nə də Həzrət Əlinin böyüklüyünə dair uzun-uzadı yazmaq istəyirəm. Görünən dağa nə bələdçi... Sadəcə bu serialın məndə buraxdığı ən dərin təəssüratı sizinlə bölüşmək arzusundayam. Bu nədən ibarətdir: Həzrət Əlinin şəxsində mərdanəliyin, mənəvi böyüklyün, yüksək imanın dünyagirliklə toqquşması və məğlubiyyəti... Amma necə?

Fərat vadisindəki döyüşdə Əlinin qoşunu Müaviyəni məğlub edərək su yolunu ələ keçirir. Suyu bağlamaq kifayətdir ki, Müaviyənin qoşunu məğlub olsun. Əli bu addımı atmır. Suyu bağlamır. Çünki bu, o dövrün ərəb qanunlarına və ən əsası, inancımıza zidd idi. Həmin gecə Əmr ibn As öz məşhur hiyləsini hazırlayır və Müaviyəyə deyir ki, sən bütün hallarda Əlidən zəifsən. Allaha yalvar, onun ətrafındakılar cahil olsun...  Əlinin qoşununun içərisinə şayiə buraxırlar ki, Müaviyə bütün şamlıları töküb Fəratın səmtini dəyişmək istəyir. Əlinin ordugahı su altında qalacaq. Gecə Əmr bir dəstə adamla dəri nağaraları döyəcləyir. Kufəlilər bu səsi eşidcək külüng səsi zənn edirlər və qaçırlar. Əli qoşunlarının rəhbəri Malik Əjdər nə qədər cəhd etsə də qaçanların qarşısını kəsə bilmir. Beləliklə qoşun öz mövqeyindən geri çəkilir, su yolu Müaviyənin əlinə keçir. O, suyu bağlayır. Su üçün gələn elçinin «Axı Əli bağlamadı» - xatırlatmasına isə qısa cavab verir: «Əli bağlamadı, amma mən bağlayıram».

Əslində bir siyasi xadim kimi Müaviyə daha düzgün addım atır. Çünki ondan əvvəlki və sonrakı təcrübələr göstərir ki, məhz siyasi maraqlar naminə nələrisə qurban verənlər sonda qalib olurlar. Bu, əlbəttə, bizim məntiqimizdir. Bəs görəsən, Həzrət Əli necə düşünür.
Çay ikinci dəfə Əlinin tərəfdarlarının əlinə keçir və bu dəfə hamı su yolunun qeyd-şərtsiz şamlıların üzünə bağlanacağını düşünür. Əli isə heç nə olmamış kimi yenə də əvvəlki qərarının üstündə dayanır.
Bu yerdə imamın bir məşhur əhvalatı yada düşür.
Ondan soruşurlar:

- Ya Əli, biri bizə pislik etsə nə edək?
Cavab:
- Siz yaxşılıq edin.
- O, yenə pislik etsə?
- Siz yenə yaxşılıq edin.
- O, bir daha pislik etsə?
- Yenə yaxşılıq edin.
Soruşurlar:

- Ya Əli, bu necə olur, o hər dəfə bizə pislik etsin, biz isə...
Əli buyurur:

- O, öz pisliyindən əl çəkmir, siz yaxşılığınızdan niyə əl çəkəsiniz.
…Müaviyə adamlarına pul, eyş-işrət vəd edir, onun ətrafında birləşirlər. Əlinin Haqq uğrunda qılınc çalmaq ideyası isə adamları tərpətmir. Bu, Əlini kədərləndirir... O, özü üçün yox, zavallı qövmünün halına acıyır. Ancaq qarşıda hansı sınaqların (şəhadət, yoxsulluq, məğlubiyyət) dayanmasından asılı olmayaraq tutduğu yoldan bir zərrə də olsun sapmır.
Hətta, onu zəhərli qılıncla vuran insana bir zərbədən artıq qılınc vurulmamasını tövsiyə edir.

…Əlinin Fərat sahillərindəki su ilə bağlı mərdanəliyinin əvəzi illər sonra Kərbəla torpağında veriləcəkdi: Yəzidin adamları peyğəmbər nəvəsinin qanına batmış qılınclarını su tuluğuna sancıb qanlı suyu imamın əsir düşən və susuzluqdan dodaqları pörşülənən uşaqlarının ağzına damızdıracaqdı... Bu dünyada bütün yaxşılıqların əvəzi belə verilib. Çünki yaxşılıqların qiymətini vermək bəşər övladının işi deyil. Yaxşılıqlar Tanrı dərgahına ismarlanır həmişə. Bildin, bilmədin...

«İmam Əli» serialında əslində Kərbəla müsibətinin izləri görünür. Təsadüfi deyil ki, Əlinin məğlubiyyəti və ölümündən sonrakı məntiqi ardıcıllıq kimi Kərbəla müsibəti barədə videomaterial təqdim olunur.
…Hicri tarixi ilə Miladi arasındakı fərqlər İslamın müqəddəs günlərinin ilin müxtəlif vaxtlarına düşməsi ilə nəticələnir. Bu il 20 Yanvar Məhərrəmlik ayına düşdü. Üstəgəl bütün dünyanın gözü və kameraları qarşısında baş verən Fələstin hadisələri... Bu yerdən düşünmədən ötüşə bilmərik...
Şəhadət Haqqın təntənəsidir. Haqq isə dünyapərəstlikdən fərqli olaraq əbədidir.

Şərif A.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar