O,  bu  gün də kinoya çəkilmək istəyir


“Cazibə qüvvəsi” filminin sınaq çəkilişlərinin hazırlıq prosesi idi... Həmişə olduğu kimi bu dəfə də yaradıcı heyətin əsas fikri baş qəhrəmanın seçiminə yönəlmişdi. Filmin quruluşçu rejissoru Həsən Seyidbəyli sınaq çəkilişlərinə qatılan aktyorların ifasını seyr etsə də, qəti qərar verməkdə çətinlik çəkirdi. Nədənsə, o, baş qəhrəmanı, daha doğrusu, qəhrəmanları bir qədər fərqli təsəvvür edirdi. Aktyor seçimi zamanı xoreoqrafiya məktəbinin bir neçə tələbəsi də sınağa dəvət olunur. Onlar arasında Rəna Səlimovanın görünüşü diqqətdən yayınmır və rejissor həmin tələbəni çəkiliş meydançasına gətirir.   
Sonralar Rəna Səlimova Həsən Seyidbəylinin quruluş verdiyi “Sən, niyə susursan?” filmində baş rolda, “Nəsimi” filmində isə rəqqasə rolunda çəkilir. Əslində kinoda kifayət qədər peşəkarlıq qazanan Rəna Səlimova bu sənətdə əbədi qalmaqla müxtəlif obrazlarda çıxış edə bilərdi, ancaq sonrakı proseslərdə onun aldığı dəvətlər qənaətbəxş olmadığı üçün aktrisa kinodan uzaqlaşıb. Hətta elə hallar olub ki, o çəkildiyi baş roldan belə imtina edib ki, bu barədə bir qədər sonra danışacağıq.

Aktrisanın dediklərindən: “Kinoya gəlişimdəki böyük zəhmətlərinə görə Həsən Seyidbəylinin ruhu qarşısında baş əyirəm. Yaxşı yadımdadır, “Cazibə qüvvəsi” filmində baş qəhrəman roluna onlarla ifaçı sınaqdan keçirildi. Məni təhsil aldığım xoreoqrafiya məktəbində görüb bəyəndilər, eyni zamanda da sınaqsız olaraq baş rola təsdiq etdilər”. Bəlkə də vaxt məhdudiyyəti rejissoru məcbur edib ki, məhz Rəna Səlimovanı,  sənətə dəxli olmayan bir qızı baş qəhrəmanın roluna çəksin. Əsl həqiqətdə isə  buna məcburiyyət demək olmaz, çünki kino məcburiyyəti sevmir. Sonradan bildim ki, Həsən Seyidbəyli qəhrəmanının oxşarını tapdığı üçün qəti qərar qəbul etmişdi. Hələ də unutmuram, rejissor məni görən kimi həyəcanla “nəhayət ki, axtardığımızı tapdıq” dedi”. İlk dəfə çəkiliş meydançasında, peşəkarların əhatəsində filmə çəkilməyin də öz çətinlikləri var. “Təsəvvür edin ki, Tələt Rəhmanov, Cabbar Əliyev, Ceyhun Mirzəyev kimi peşəkar aktyorlarla tərəf-müqabili idim. Bir çətinlik də onda idi ki, mənim əsas tərəf-müqabilim olan Xəyal Axundzadə də kinoya dəxli olmayan, başqa bir sahənin adamı idi. Onun da kinoya gəlişinin qəribə tarixçəsi var. Xəyal Axundzadə kinorejissor Lətif Səfərovla qonşu idi. Lətif Səfərovun yas məclisinə qatılan Həsən Seyidbəyli Xəyalı orda görmüş və onu filmə dəvət etmişdi”.

“Obraz mənim üzərimdə qurularsa, yenidən filmə çəkilərəm”

Rəna xanım ifa etdiyi  obrazı qısaca səciyyələndirdi: “Öncə gəlin Gülbənizin şəxsiyyətinə nəzər salaq. Ssenariyə əsasən Gülbəniz kənddə yaşayır. Günlərin birində onların kəndinə bir qrup idman mütəxəssisi gəlir və onlar dağların başında atılıb-düşən, ora-bura qaçan qızı görürlər. Qızı görən kimi də belə qərara gəlirlər ki, Gülbənizdən yaxşı idmançı çıxar. Belə olur. Vaxt gəlir ki, Gülbəniz həmin mütəxəssislər tərəfindən çempion kimi yetişdirilir”.

Əsas qəhrəmanların filmdə qarşılaşması məhz Gülbənizin qaçışla məşğul olduğu məqamlara təsadüf edir. Ən qəribəsi odur ki, ilk dəfə kinoda qarşılaşan Rəna Səlimova ilə Xəyal Axundzadə filmdə bir-birilərinə aşiq olduqları kimi həyatda da bir-birilərini sevirlər. Bu sevgi sonralar evliliklə nəticələnir. Bu izdivac “Sən niyə susursan?” filmindən sonraya təsadüf edir.
Rəna xanım etiraf edir ki, “Sən niyə susursan” filmində xarakterindən çıxış edərək özünü oynayıb. “Əgər bu gün məni hər hansı bir filmə dəvət etsələr, o zaman obraz mütləq mənim üzərimdə qurulmalıdır”. Hazırda da gözəlliyini qoruyub saxlayan aktrisa onu da söylədi ki, bu yaşda məmur  obrazlarında daha maraqlı görünə bilər.            

 Uğursuzluq və yaxud çəkilişdən imtina etmə

Filmdə uğursuzluq qazanmağın necə acı bir hal olduğunu yalnız bu durumla üzləşənlər bilər. Rəna Səlimovanın da kinoda uğursuzluqları olub. Ancaq onun uğursuzluğu faciəli bir hadisə ilə əlaqədar baş verib.
1967-ci il...”Mən ki, gözəl deyildim” filminin yaradıcı heyəti formalaşmış, çəkiliş məkanları belə müəyyənləşdirilmişdi. Ramiz Əsgərovun quruluş verdiyi filmin yaradıcı heyətində maraqlı simalar çoxluq təşkil edirdi. Filmdə əsas rola-Səidə obrazına isə Rəna Səlimova təsdiq olunmuşdu.
Filmin çəkiliş prosesinin ilk günü pirotexniklərin səhlənkarlığı ucbatından (hərçənd ki, hadisənin şahidi olanlar pirotexnikləri günahlandırırlar. Ancaq bu talenin də işi ola bilər. Eyni gündə üç nəfər dünyasını dəyişdi. Partlayış səhnəsində Ramiz Əsgərov və yaradıcı heyətin üç üzvü faciəli surətdə həlak olmuşlar.  Həmin vaxt nəinki kinematoqrafçılar, eyni zamanda bütün Azərbaycan xalqı 4 nəfər kino işçisinə yas saxlamış və bir müddət bu acının təsiri altında qalmışlar.

Filmin çəkildiyi ildə kinostudiyanın direktoru Adil İsgəndərov idi. Plana salınan filmin mütləq çəkilməsi tərəfdarı olan direktor quruluşçu operator işini rejissorlara təklif edir. Görkəmli kinorejissor Tofiq Tağızadə filmi qəbul edir, ancaq yaradıcı heyəti öz seçimi əsasında qurur. Beləliklə də Səidə roluna Xuraman Qasımova təsdiq olunur. Rəna xanım söyləyir ki, “Mən ki, gözəl deyildim” filmi Ramiz Əsgərovun quruluşunda, sözsüz ki, tamam fərqli bir film olacaqdı. Bu fikrimlə heç də Tofiq Tağızadənin filminə zəif damğası vurmaq fikrində deyiləm. Ancaq mənim Səidəm tamam başqa idi, o elə mənim özüm idi”.

Bu uğursuzluqla(əgər buna uğursuzluq demək mümkünsə)barışdığı bir vaxtda “Dağlarda döyüş” filminə dəvət olunan aktrisa cəmi 15 gün çəkilişə qatılıb, sonra isə çəkiliş prosesindən imtina edib.  Bu da səbəbsiz deyildi: “Axı nə qədər eyni tipli, eyni xarakterli obrazlara çəkilmək olardı. Doğrusunu deyim ki, bu eynilik məni bezdirdiyi üçün çəkilişdən imtina etdim. Ancaq “Nəsimi” filmindəki rəqqasə rolu, eləcə də “Şir evdən getdi” filmindəki rolum epizodik olmalarına baxmayaraq, fərqli rollar olduğu üçün böyük maraqla ifa etdim”.

Son söz əvəzi: Azərbaycan kinosunun ən qaynar bir dövründə kinoya gələn, bir-birindən maraqlı obrazlar yaradan Rəna Səlimova artıq neçə illərdir ki, özünü bütünlüklə ailəsinə həsr edib. İki övlad anası olan bu xanımın yenə də kinoya çəkilmək həvəsi var. Qismət olarsa, tamaşaçılar onu yenidən kinoda görəcəklər.

Ulduzə QARAQIZI