Lars fon Trier yaradıcılığında ekzistensializm

XX əsrin ortalarında ekzistensialist fəlsəfə İkinci Dünya savaşından sonrakı mənəvi və iqtisadi böhran şəraitində meydana çıxdı. Ekzistensialistlər mədəniyyətin unudulmuş problemlərini, onların həlli yollarını, insanın öz həyatını qura bilməməsinin səbəblərini, sadə insanın cəmiyyətdə öz yerini tapmasının çətinliyini görürdülər. Şəxsiyyətlər arasındakı fərqə qarşı çıxır, cəmiyyətin insanın əzablarına laqeydliyini, kütləvi insan qırğınlarını pisləyirdilər. Ekzistensializm humanizmin müdafiəçisi kimi çıxış edirdi. Bu fəlsəfi təlim bu gün də ona görə aktualdır ki, ekzistensializmin toxunduğu problemlər hələ də həllini tapmayıb.

İnsan qorxusu ekzistensializmin ən vacib kateqoriyalarından biridir

XXI əsr 11 sentyabr hadisəsi, ABŞ-ın müsəlman ölkələrinə və diktaturaya elan etdiyi müharibələrlə başladı. XXI əsr insanı atom müharibəsi qorxusu ilə yaşayır. İnsan qorxusu da ekzistensializmin ən vacib kateqoriyalarından biridir. Ekzistensializm də postmodernizm kimi insanların həyat tərzinə çevrilib. Bu təlim  Andrey Tarkovskinin bir misrasında deyildiyi kimi, insanı ölüm qarşısında qətiyyətə səsləyir:
“Ölümdən nə 17, nə də 70 yaşında qorxmamalıyıq”.
(Andrey Tarkovskinin “Güzgü” filmində səsləndirilən şeirdən misra). Kamyu da “30 ya da 70 yaşında ölməyin heç bir fərqi olmadığını” deyirdi. Məhz hitlerçilər də Haydeggerin fəlsəfəsindən ölüm qarşısında qətiyyətə çağırışı öz ideologiyalarının əsas tezisinə çevirmişdilər.


Ekzistensializm müasir dünya kinosunda daha çox Danimarka rejissoru Lars fon Trierin yaradıcılığında təzahür edir. “Dalğaları yaran”, “Qaranlıqda rəqs edən” “Doqvil” və “Avropa” filmlərində  ekzistensialist fəlsəfəsinin təsiri hiss olunur. “Qaranlıqda rəqs edən” və “Doqvil” filmlərində rejissor Amerikanın antihumanizmini tənqid edir. Birinci filmin qəhrəmanı Selma (Byork) Çexoslavakiyadan Amerikaya işləməyə gəlmiş emmiqrantdır. O, zavodda işləyir, irsi göz qüsuru olan oğlunun əməliyyatı üçün pul yığır. Lakin bu arzusu naminə həyatından keçməli olur. Evində kirayə qaldığı Bill onun pullarını oğurlayır. Selma oğlunun gələcəyi uğrunda apardığı mübarizədə öz həyatını itirir. Amerika onu məhv edir. Trierin filmlərindəki dünya Kafkanın absurd dünyasına bənzəyir. Bürokratiyanın hökm sürdüyü bu dünyada insanlar böyük bir mexanizmin alətləridir. Mübarizə insanın həyatı bahasına başa gəlir. Trierin “Doqvil” filmi də Amerika əleyhinə çəkilib. Rejissor  filmlərində o cəmiyyəti təsvir edir ki, orada güclülər zəifləri tapdalayır, onlardan sui-istifadə edir. Sonda isə riyakarcasına öz qurbanını arxadan vurub, fəlakət nəhrinə görmür. Cəmiyyət insanın qanını sorduqdan sonra onu istifadə müddəti bitmiş adi əşya kimi zibil qutusuna tullayır.

Bu cəmiyyətdə insana dəyər verilmir. Burada pulu olmayanlara nifrət edirlər. Lakin elə bir illuzüya yaradırlar ki, guya hamı rahat və xoşbəxt yaşayır. Əslində Amerika azadlığı insana boynuna “it xaltası” salmaqla verir. Trierin kommunist təbiəti təbii ki, onu kapitalist cəmiyyətinə, onun dehumanizasiyasına qarşı  çıxmağa vadar edir. Film boyu tamaşaçı qanqster atasından qaçıb gizlənən Qreysin “Doqvil” tərəfindən pillə-pillə alçaldıldığının şahidi olur. Qreyslə cəmiyyətin arasında uçurum var. Doqvil cəmiyyəti ona özgə kimi yanaşır. O, bu cəmiyyətin adamı deyil. Ona görə də cəmiyyət hər an onu həzm-rabedən keçirməyə hazırdır. Qreys o dərəcədə alçaldılır ki, onu cəmiyyətdən təcrid edib zəncirləyirlər.
Filmin sonunda Qreys Doqvildən amansızcasına intiqam alır. Bu cəmiyyətdə hamının günahı olduğu üçün Qreys uşaqdan tutmuş böyüyədək hamını məhv edir. Maraqlıdır ki, film boyu səsini eşitdiyimiz təbaşirlə döşəməyə çəkilmiş it canlanır və hürür. Bu, artıq bütün qəsəbəni Qreysin əmri ilə qanqsterlərin yandırdığı, hamının məhv edildiyi vaxtda baş verir. Qreys təkcə onu sağ buraxır. Çünki onların arasında artıq yaxınlaşma vardır. Qreys bu cəmiyyətdə it həyatı yaşamışdı.

“Barışmasan, burda heç nəyə nail ola bilməyəcəksən”

“Avropa” filmi öz kəskinliyi ilə daha çox seçilir. II Dünya müharibəsindən sonrakı Almaniyanın ab-havasını özündə əks etdirən bu film qəhrəmanı Amerikadan gəlmiş alman mənşəli Leopold Keslerdir. O, müharibədən uduzaraq çıxmış Almaniyaya kömək məqsədi ilə işləməyə gəlir. Lakin Almaniya onun nəcib və saf ruhunu məhv edərək qatilə çevirir. Birinci dərəcəli vaqonda bələdçi işləyən Kesler hər cür alçalmalara məruz qalır. Əmisi isə daim ona bu məsləhəti verir: “Barışmasan, burda heç nəyə nail ola bilməyəcəksən”. Filmin sonunda vaqonda terror törədən Kesler cismən də məhv olur. Okeana düşən vaqondan xilas olan cəsədi suların qoynunda üzür. Yalnız ölməklə Avropadan qurtulmaq mümkündür. Ölümdən sonra insan rahatlığa qovuşur. Öz ekzistensiyası uğrunda mücadilə aparsa da, Kesler bunu çoxdan dərk etmişdi ki, Avropa adlı bu qatardan xilas olmağın başqa yolu yoxdur.

Trierin qəhrəmanları azadlığa can atır. Çox vaxt onlar cəmiyyətlə üz-üzə qalır, cəmiyyət tərəfindən lənətlənirlər. “Dalğaları yaran” filminin qəhrəmanı kimi... Cəmiyyətlə qəhrəmanlar arasında antoqonizm mövcuddur. Bu qəhrəmanlar daxilən tənhadırlar, çox vaxt özlərini günahkar və cavabdeh sayırlar. Nəhayət, onları sonda ölüm gözləyir. Qəhrəmanlar yalnız öldükdən sonra rahatlığa qovuşurlar. Çox vaxt onlar ölüm qarşısında öz mövcudluqlarını dərk edirlər. Trierin fəlsəfəsinə görə, “Şər mövcuddur və o, hər yerdə hökm sürür. Ondan qurtulmaq isə mümkün deyil”.

İntiqam







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar