Mənə irad tuturlar ki, nə üçün ədəbi gənclikdən yazmıram. Düşünürəm ki, haqlı iraddı, axı gənc yazarların əsərlərinə biganə qalmaq olmaz. Əksinə, onların arasında maraqlı müəlliflər çoxdur. Onların məndə ayrıca kitabı (bəlkə də, çoxunun hələ kitabı yoxdur) olmasa da, müəyyən toplularda, qəzet və jurnallarda gedən yazılarını izləyirəm. Yeni şeirlərə, hekayələrə, pritçalara və s. maraq məni vaxtaşırı kitabxanaya da aparır, qəzet köşkünə də, hələ kitab mağazasına da. Oxuduqlarım arasında gənclər az deyil. Səbəbi odur ki, bu yazılarda modern düşüncə var. Odur ki, bəzən onların şeirlərini dönə-dönə oxumaqdan zövq alıram. 2004-cü ildən bu günə qədər şəxsən tanımadığım Günel Vəzirqızının «Çadır şeirləri»ni o qədər bəyənmişdim ki, hələ də «Ulduz» jurnalından kəsib götürdüyüm həmin səhifələri xüsusi bir məhəbbətlə saxlamışam. Bu da onun «Qamış kötüklər şəhərciyi» adlı şeirindən bu parça
  
   …Bu şəhərdə
   qamışdan bol heç nə yoxdur
   başını yalnız, tənbəl-tənbəl
   ulamaq istəyəndə qaldırır
   yiyəsiz it
   səhərlər
   üzümə çırpılan külək - dərddir
   dərdi yarıb yerimək
   dərdi yaşamaqdan fərqli
   bəlkə də, çətin
   bəlkə də, asan
   bilmirəm….
  
   «Ulduz» jurnalını müntəzəm izləyirəm. «Ulduz» jurnalının 3-cü sayında çap edilən Vüsal Nurunun şeirləri xoşuma gəldi, düzü dönə-dönə oxudum.
  
   …Ağaclar sahildə lövbər salıb.
   Bitib dənizdə gəmilər.
   Dənizdə
   günəş var bu gün,
   Sahildə
   Günəşi batmış bir adam…
  
   Aydın Xanın «Mədəniyyət» qəzetindən oxuduğum bir yazısından isə şerindən kiçik bir parça ilə Fəridi şair kimi tanıdım, o yaddaşımda şair kimi qaldı.
    Bir həqiqət danılmazdır ki, gənclərin, bəlkə, hələ yenicə ədəbi aləmə qədəm qoyanların şeirlərində olan təzəlik, qeyri-adilik bir çox cild-cild kitab bağlayan illərin şairinin şeirlərində çox vaxt hiss edilmir. Odur ki, əlimə bir toplunu, qəzet-jurnalı götürüb oxumaq istəyəndə dərhal yazının müəllifinə nəzər yetirirəm və yeni imza olanda isə şeirindən bir-ikisini oxuyandan sonra baxıram oxumağa dəyər, yoxsa yox.
   «Ulduz» jurnalının dördüncü sayı bütünlüklə gənclərə, onların yazılarına həsr edilib. Şeirləri, demək olar ki, birnəfəsə oxudum, amma heç də birnəfəsə oxunan adi, sadə şeirlər deyildi. Əslində isə sadə, adi şeiri heç oxumaq istəmirsən, nəinki birnəfəsə. Dediyim odur ki, bu şeirlərin öz tutumu, çəkisi və «ağır havası» var. Bu da yəqin ki, dövrandan, zamandan və onların bu pöhrə yaşında yaşadıqları ağrı-acılı dünyadan gəlir. Qarabağın nəfəsi kəsən ağır havası, əsirlərin tarıma çəkilən əsəbləri, şəhidlərin qanı, torpağın harayı və qəlbimizdəki intiqam hissi, qələbə arzusu çöküb bu şeirlərin mayasına. Bəs deyirlər cavanlar… Amma bilirdim və yazmışdım da: «Bizdə vətənpərvərlik də var, əsl sevgi də». Elə bu şeirləri oxuyandan sonra da bir daha buna inandım. Və bəlkə, bu hiss cavanlarda daha çoxdur, nəinki… Bir də özümü tapdım bu şeirlərdə
  
   …Yıxıla-yıxıla yerimək,
   yeriyə-yeriyə yüyürmək öyrəndim.
   Öyrənə-öyrənə böyüdüm…
  
   Üzünü görmədiyim Aytən Təhmasib kimi bu gənclər elə bil, mənim həyatımı, ya mən onların həyatını yaşamışam. Ancaq əsas ortada olan fakt istedaddır.
   Onların adlarını bir-bir çəksəm, böyük bir siyahı alınar.
   Sizə uğurlar!
  
   Mina Rəşid