Satılmayan biletlər də tökülüb qaldı

Söhbət afişaları şəhəri bəzəyən  “Tunel” filmindən gedir. Televiziyada da   anonsları gedən bu filmin ötən günlərdə nümayişi oldu. Tamaşaçı o qədər az idi ki, barmaqla sayıb qurtarmaq olardı. Bu tamaşaçılar içində ssenari müəllifi, müğənnilər, aktyorlar və onların dost-tanışları var idi. Filmin nümayişi nə az - nə çox düz altı gün çəkəcəkdi. Gündə də iki seans. Gəl buna hövsələni bas, bax görüm necə baxırsan. Filmin ssenari müəllifi və prodüseri “Bəyaz həyat” filminin ssenari müəllifi kimi tanıdığımız Vüqar Ercandır. Çoxserialı kimi çəkilib, sonra isə tammetrajlı hala salınan, adı “Sevimli xəstə”dən dəyişdirilərək “Tunel”ə çevrilən  bu filmin rejissoru Asif Abramovdur. Filmin bəzi yerləri çox qeyri-peşəkar lentə alınıb.

Xarici filmlərdən gördüyümüz və bildiyimiz məlumatlara görə, iki nəfərin dialoqunu bir nöqtədən deyil, müxtəlif istiqamətlərdən çəkirlər ki, maraqlı olsun və tamaşaçı yorulmasın. Operatorun kölgəsinin də aktyorların üzərinə düşməsi, işığın göz çıxardan dərəcədə verilməsi təcrübəsizlikdən irəli gəlir. Onu da qeyd edək ki, filmin qısaldılması və montaj edilməsi “Artist” kino şirkətində rejissor Samir Qulamov tərəfindən həyata keçirilib. Onun sözlərinə görə, filmdəki musiqilərin, kadrların ardıcıllığının, adının dəyişdirilməsinin və bu illər ərzində ekrana çıxmamasının səbəbi filmdə saysız qüsurların olması ilə əlaqədardır: “Mənim fikrimcə, “Tunel” filmi təsir qüvvəsinə, emosional aktyor oyununa, uğurlu musiqi seçiminə görə birinci variantdan çox fərqlidir. “Sevimli xəstə” adı ilə çəkilən filmdə daha çox klipdə istifadə olunan rənglər üstünlük təşkil edirdi. Biz onu kino lentini xatırladan daha baxımlı rənglərlə əvəz etdik”.

Rolları Samir Qulamov(Rəcəb), İlhamə Bədəlova(Fidan), xalq artistləri Elmira Şabanova(Hacı xanım), Rafiq Əzimov(Professor) və b. ifa edirdilər. Ssenari müəllifi özü də baş rollardan birinə çəkilib. Ssenari müəllifinin rolda ifası bir o qədər təbii alınmayıb. Danışığı və diksiyası da filmə xələl gətirir. Samir Qulamovun vizual baxımdan rola uyğun gəlməsi və gözəl aktyor oyunu filmə rəngarənglik verirdi. Bunu zaldakı tamaşaçılardan da eşitdim. Döyüş və silah səhnələrində işıqları söndürüb qaranlıq fonda çəkiblər. Ola bilsin maliyyə vəsaitinin az olması buna imkan verməyib. Bunlar isə onu göstərir ki, bizm filmlər dünya filmlərindən geri qalır. Tamaşaçı da düşünür ki, əziyyət çəkib kinoteatra getməyə vaxt itirməsin, disklər alıb evdəcə xarici filmlərdəki yeniliklərə baxsın.

ELMİN