Azərbaycan teatr və kino sənəti tarixində özünəməxsus iz qoymuş  Məmmədrza Şeyxzamanov 1915-ci ildə Gəncədə doğulub. 2 yaşında ikən atasını itirib.  Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurun dediyinə görə,  Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra  müstəqillik tərəfdarları arasında aparılan "təmizlənmələr" Şeyxzamanovlar nəslindən də yan keçmir. Məmmədrzanın məmur babası Nağı Şeyxzamanov və yaxın qohumları repressiyaya məruz qalırlar. Bu çətinliklər M. Şeyxzamanovun da taleyində və sənətində  özünü büruzə verməkdə idi.

Məmmədrza orta məktəbdə  tərbiyəsi, savadı və istedadı  ilə fərqlənirdi. Aktyorluq sənətinə olan maraq və həvəs isə hələ məktəb illərində öz "toxumlarını səpməkdə" idi.  Orta məktəbdə oxuya-oxuya teatr studiyasına daxil olur. 1934-cü ildə   Gəncə Dövlət Dram Teatrının rejissoru Həbib İsmayılov onu teatra dəvət edir. İlk dəfə Ə.Həmidin "Hind qızı" tamaşasında kiçik bir rolda (Brahma) çıxış edir. Bu, professional teatr səhnəsinə doğru aparan yolda aktyorun atdığı ilk müvəffəqiyyətli addımı olur. Teatrda işləyərkən peşəkar yaradıcılıq tələbləri ilə tanış olur,  aktyorluq sənətinin gözəl ənənələrini mənimsəyir. Çalışdığı dövrdə "Vaqif" (Eldar), "Fərhad və Şirin" (Fərhad), "Yaşar" (İmamyar), "İki qardaş" (Yuri) və digər tamaşalarda yaddaqalan obrazlar yaradır. 1954-cü ildə Akademik Dram Teatrında işə başlayır və elə o vaxtdan   sənət yolundakı "yaşıl işığı" daha gur yanmağa başlayır.  "Göz həkimi"ndə Şahbazov, "Qış nağılı"nda Poliksen, "Fərhad və Şirin"də Xosrov, "Vaqif"də Qacar, "Otello"da Otello, "Aydın"da Aydın, "Qaçaq Nəbi"də Qaçaq Nəbi, "Vaqif"də Eldar kimi  psixoloji, dramatik obrazları özünəməxsus şəkildə yaradır. 

Bu aktyorun yaradıcılığına xas olan xüsusiyyətlərdən danışarkən ilk növbədə onun aydın diksiyaya, geniş diapazona malik olduğunu xüsusi olaraq qeyd etmək lazımdır.  Kinoda da onun zəhməti az olmamışdır. Onlarla filmimizdə  onun çox qiymətli rolları var və bu gün də tamaşaçılar həmin ekran əsərlərinə böyük maraqla baxırlar.  M.Şeyxzamanov böyük ekrana ilk dəfə 1955-ci ildə -"Bəxtiyar" filmində Rəcəbov rolu ilə çıxır. Bununla da kino yolunda ilk uğurlu cığır açır. Daha sonra C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi filmlərin çoxunda çəkilir. "Qızmar günəş altında" Alı kişi, "Leyli və Məcnun"da Dərviş, "Bir qalanın sirri"ndə həkim Eldostu, "Onu bağışlamaq olarmı"da polkovnik Qurbanov, "Qatır Məmməd"də Gəncə qubernatoru, "Nəsimi"də Şeyx Əzəm kimi obrazlar yaradır. Olduqca həssas, nəcib qəlbə malik bu mehriban insanın ekran taleyi hər birimiz üçün əziz və doğmadır. Hələ uşaqlığımızdan böyük həvəslə tamaşa etdiyimiz "Bir qalanın sirri" filmində yaratdığı həkim Eldostu hər birimizin sevimli ekran qəhrəmanı idi. Bu nağıl qəhrəmanı şər qüvvələrə qarşı barışmazdır, onun mətin iradəsini heç bir çətinlik qıra bilmir. Onu Göygöz Kosanın törətdiyi heç bir müsibət qorxutmur.

Bütün çətinliklərə mərd-mərdanə sinə gərən Eldostu sona kimi özünün hazırladığı dərmanının sirrini şər qüvvələrə vermir.   Professor Rəcəbov ("Bəxtiyar") rolunu da çox böyük ustalıqla yaratmışdı. Filmin elə ilk kadrlarından onun bağına oğurluğa girən uşaqlarla rəftarı obrazın xarakteri barədə çox şeyləri aydınlaşdırır. O, musiqi üzrə professordur. Konservatoriyada dərs deyir. Bəxtiyarın yaxşı müğənni olacağını hiss etdiyindən, onu daim izləyir, təhsil almasını, musiqi təhsili almasını məsləhət görür. Və sonda biz onu Bəxtiyarla konservatoriyada məşq edən görəndə bir daha onun humanist, qayğıkeş bir insan olduğuna inanırıq.  M.Şeyxzamanov  "Böyük dayaq" filmində tamam başqa xarakterli bir obrazı ifa edir. Şərəfoğlu filmin baş qəhrəmanı Rüstəm kişinin cəbhə dostudur. İndi isə onu Rüstəmin kolxoz sədri işlədiyi rayona rəhbər vəzifəyə göndəriblər. Bu elə bir vaxtdır ki, Rüstəm kişi böhtanların qurbanı olmaq ərəfəsindədir. Şərəfoğlu Rüstəmi xilas edir. Amma onun da səhvlərini boynuna qoyur. Deyir ki, xalqdan ayrı düşmək, məhvə məhkum olmaq deməkdir.

Aktyor əksər vaxt müsbət qəhrəman rollarını ifa edir. Ancaq "Nəsimi" filmində yaratdığı obraz  onun həm də mənfi tiplərin gözəl ifaçısı olduğunu  göstərir. Şeyx Əzəm şahın vəziridir. Onun məsləhətləri ilə şah çox qanlar töküb. Nəiminin, Nəsiminin fəlakətində göstərdiyi canfəşanlıq isə sonda onun öz faciəsi ilə bitir.
Əlbəttə, Məmmədrza müəllimin rollarından çox danışmaq olar. Lakin aktyorun bir rolu üzərində xüsusi olaraq dayanmaq istərdik. Bu, "Tütək səsi" filmindəki İsfəndiyar kişi  obrazıdır. İsfəndiyar kişi bizim kinonun çox uğurlu obrazlarındandır. M.Şeyxzamanov bu yaşlı kişinin rolunu o qədər səmimi, o qədər təbii oynayır ki, adam bu obraza həqiqətən heyran qalır. Onun da oğlu cəbhədədir, o da minlərlə insan kimi övladının yolunu gözləyir. Amma oğlundan "qara kağız" alanda yaşadığı hisslər tamamilə özünəməxsusdur. Sazını götürüb "Ruhani"ni səsləndirəndə adamın içində dəhşətli duyğular baş qaldırır. Oğul dərdi atanı bundan da ağır vəziyyətə sala bilərmi? Hamıya təskinlik verən bu kənd ağsaqqalının indi öz ürəyi dağlanmışdır. O, əsl mənada dramatik aktyor idi və gərgin situasiyalardan çıxan qəhrəmalarını daha məharətlə təqdim etməyi bacarırdı. "Qızıl uçurum" filmi onun son işlərindən oldu. Bu film İbrahimbəy Musabəyovun "Neft və milyonlar səltənətində" əsərinin ikinci ekran variantıdır. Filmdə ona Qurban kişi rolu həvalə olunub. Onun düşdüyü vəziyyət çox acınacaqlıdır. Çünki Cəlil öz ailəsinə xəyanət etmiş, başı eyş-işrətə qarışmış, qohum-qardaşı tamamilə unutmuşdur. Qurban kişi bu xəyanətə dözə bilmir. Qızının faciəvi taleyi onu hədsiz narahat edir. Sonda isə Cəlil özü öz əməllərinin qurbanı olur.

1963-cü ildə aktyor böyük sənətkarımız Adil İsgəndərovun S.Rəhmanın ssenarisi əsasında quruluş verdiyi musiqili komediya filmində - "Əhməd haradadır"da Şirin kişi rolunda çıxış edir. "Əhməd haradadır" Azərbaycanın sənətkar rəmzi sayılan Adil İsgəndərovun quruluşçu rejissor kimi yeganə filmi olub və o sənəti ilə bahəm şəxsiyyətinə də heyran  qaldığı M.Şeyxzamanovu əsas rollardan birinə dəvət edib.

Böyük aktyor, maraqlı insan  M.Şeyxzamanov əsl teatr və kino xadimiydi. O, böyüklüyündən, peşəkarlığından istifadə edərək heç bir tələb irəli sürməyən sənətkarlardan idi. Rahat adam, yaradıcı sənətkar olduğundan onunla çalışmaq asan idi və hamıya xoş təsir bağışlayırdı. Ümumiyyətlə, səxavətli, qəlbi təmiz, ürəyi açıq olan bu insan hamıyla öz dili ilə danışar, böyüklə böyük, uşaqla uşaq kimi rəftar edərdi. Yaxınları, dostları və tanışları arasında isə bir ləqəbi vardı: - "Yaxşı kişi".
 Rollarının hər birində özünəməxsus şirinlik olan aktyor çox sevdiyi sənət aləminə və həyata 25 yanvar 1984-cü ildə göz yumdu.

Turan







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar