Bu da film çəkən gənc rejissorlar

Ötən il Mədəniyyət və Turizm Nazirliyi gənc kinematoqrafçılara dəstək məqsədi ilə «Bu meydan, bu ekran» kino layihələri müsabiqəsini keçirdi və yarışmanın yeddi  qalibini elan etdi. Hazırda yeddi qısametrajlı bədii film istehsalata buraxılıb. Bunlar «İki» (RTV şirkəti, rejissor Hacıbaba Həsənov), «Qara qutu» (Azərbaycan Qoçyu Ryu Okinava Karate-Do və Kobudo Növləri Federasiyası İctimai Birliyi, rejissorlar Elməddin Alıyev, Xəyyam Abdullayev), «Saat» («Nur+» şirkəti, rejissor Türkan Hüseynova), «Kor və korluq» («İMPER QRUP» prodüser mərkəzi, rejissor Alina Abdullayeva), «Daş atan» («Ratio TV» şirkəti, rejissor Elruz Fətiyev), «Koramal» («EXA Prodakşn» şirkəti, rejissorlar Elməddin Alıyev, Xəyyam Abdullayev), «Qocalar» («İMPER QRUP» prodüser mərkəzi, rejissorlar İsmayıl Məmmədov, Fariz Əhmədov) filmləridir. Artıq üç filmin çəkilişləri sona çatıb. Filmlər barəsində ətraflı məlumat almaq üçün gənc rejissorlar İsmayıl Məmmədov, Elməddin Alıyev və Xəyyam Abdullayevlə söhbətləşdik.

İsmayıl Məmmədov
- «Qocalar» filminin
rejissorlarından biri

- Biz müsabiqəyə «İMPER QRUP» prodüser mərkəzi adından yeddi ssenari təqdim etmişdik. Onların arasından Nərgiz Bağırzadənin «Qocalar» və Alina Abdullayevanın «Kor və korluq»  ssenariləri keçdi. Artıq birinci film - «Qocalar» hazırdır. Filmi Fariz  Əhmədovla birgə lentə almışıq. «Qocalar»ın prodüseri Rəşad Qasımov, Fariz Əhmədov, quruluşçu operatoru isə Üzeyir Abbasdır.

- Film nədən bəhs edir?

- Film adi məişət dramıdır. Uzun müddət bir yerdə yaşayan ər-arvadın həyatı əks olunur. Təxminən 60-70 yaşında olan bu cütlüyün övladları yoxdur. Kişi meylini ev bitkilərinə salıb, evdə çoxlu bitki saxlayır. Qadın isə evdar qadındır, özünü ev işlərinə həsr edib. Qadın ərindən diqqət gözləyir, çalışır ki, ərini bitkilərdən yayındırıb, özünə cəlb etsin. Amma buna nail ola bilmir. Bir dəfə qadın təsadüfən ərinin dibçəklərindən birini salıb sındırır. Kişi hay-küy salır, isterika yaradır və güllərini öz otağına yığıb, evi bölür. Qadın başa düşür ki, bu cür yaşamaq mümkün deyil və televizorda reklamını gördüyü qocalar evinə gedir. Bu qocalar evi vərdiş etdiyimiz dağınıq, uçuq, hamının yadından çıxmış qocalar evi deyil. Çox təmtəraqlı,  romantik auralı bir qocalar evidir. Qadın burada qoca bir polkovniklə tanış olur. Amma qadın qocalar evində də sıxılmağa başlayır. Kişi də evdə darıxır, etdiyi hərəkətdən peşman olur. Film qadının evə qayıtması ilə bitir.

- Baş rolları kimlər ifa edir?

- Baş rollarda xalq artistləri Elmira Şabanova və Tariyel Qasımov çəkiliblər. Digər rolları isə hamının Toppuşbacı kimi tanıdığı Tünzalə Əliyeva, Arif Qasımov ifa edir. Qalan personajları adi adamlar canlandırır. 

- Siz gəncsiz və bu sizin ilk böyük işinizdir. Tanınmış aktyorlar təklifinizi necə qarşıladılar?

- Farizlə Elmira xanıma yaxınlaşıb filmdə çəkilmək təklifi edəndə, o, bizə çox şübhə ilə yanaşdı. Sonra iş prosesində Elmira xanım özü etiraf etdi ki, alınır. Tariyel Qasımova gəlincə isə məşqlərdə gördük ki, baş rola namizəd olan aktyorumuz çox qocadır və qoyduğumuz tələbləri yerinə yetirə bilmir. Çox fikirləşdik və belə qərara gəldik ki, bu rola Tariyel Qasımovu çəkək. 70 yaşı haqlamasına baxmayaraq,  o, fiziki baxımdan çevikdir. Süjetə görə bizim filmdə qocalar çevikdirlər, cavanlarla ayaqlaşırlar, musiqiyə qulaq asırlar, diskotekada rəqs edirlər. Tariyel Qasımov da bizi tanımırdı, ona görə də dərhal razılaşmadı. Ssenarini ona verdik, bir gün sonra dedi ki, ssenari çox xoşuma gəldi və razılaşdı. Həmin obraz onun həyat tərzinə çox uyğun gəlirdi. O özü də həyatda çox enerjili, ritmli bir insandır. 

 - Film komediya janrındadır?

- Biz istəyirdik ki, film komik elementləri olan bir dram olsun. Amma aktyorlar komediya aktyorları olmadığına görə, o elementləri ala bilmədik. Film dram olaraq qaldı. Amma filmdə elə nüanslar var ki,  bəzi tamaşaçılar onlara güləcək, bəziləri isə faciə kimi baxacaq. 

- Filmi Fariz Əhmədovla bir yerdə çəkmisiz. Farizlə iş birliyiniz necə alınır?  Ümumiyyətlə, niyə bir yerdə işləməyə qərar vermisiz?

- Farizlə universitetdən bir yerdə oxumuşuq, dostluğumuz o dövrdən başlayıb. Bizi öncə dostluq birləşdirir. Sonra da hər ikimiz rejissor olmaq üçün eyni yolu keçmişik. Yaradıcılıq fərdi bir şeydir. Farizin öz yaradıcılıq düşüncələri var. Vacib məqamlarda kompromisə gedib, ortaq fikrə gələ bilirik. Dünya kinosunda da, Azərbaycan kinosunda da iki rejissorun  bir film çəkməsi halları çox olub. Hələ ki, fikirlərimiz üst-üstə düşür.    

- Sizin prodüser mərkəzi daha bir film lentə alacaq. Həmin film barəsində danışa bilərsinizmi?

- Hazırda ikinci filmin ssenarisi üzərində işləyirik.  Qarabağ müharibəsi mövzusunda olan bu film «Kor və korluq» adlanır. Müharibədə gözünü itirmiş keçmiş əsgərin sonrakı həyatından, üzləşdiyi çətinliklərdən, ailə vəziyyətindən bəhs olunur. Cəmiyyət, arvadı və kor arasında yaranmış qarşıdurma göstərilir. Cəmiyyət və onun qadını koru başa düşə bilmirlər. Daha doğrusu, başa düşə bilmirlər yox, başa düşmək istəmirlər. Kora gözəl bir qadın görkəmində olan ruh kömək edir. Sonda korun gözləri açılsa da, o, sevgisini itirir. Fevral ayının əvvəllərində çəkilişlərə başlamaq fikrindəyik. Hələ filmin yaradıcı heyəti dəqiqləşməyib. Çünki ssenarinin müəllifi Alina Abdullayeva filmi özü çəkməliydi. Amma o bu yaxınlarda ana olduğu üçün, filmi çəkə bilməyəcək. Yaxın günlərdə biz filmi kimin çəkəcəyini müəyyənləşdirəcəyik.

«Qara qutu» və «Koramal» filmlərinin rejissorları Elməddin Alıyev,
Xəyyam Abdullayev:

E. A.: - Biz iki film çəkmişik. Biri «EXA Prodakşn»da lentə alınan «Koramal», digəri isə Karate Federasiyasına sifariş olunan «Qara qutu» filmidir. Filmlərin ikisi də çəkilib, hazırda səsləndirmə mərhələsi gedir.  Yaxın günlərdə filmlər tam şəkildə hazır olacaqlar. «Qara qutu» filmində 1990-91-ci illərdə Qarabağ müharibəsi  dövründə Azərbaycanın informasiya blokadasında saxlanılmasından söhbət açılır. Xaricdən gəlmiş əcnəbi jurnalistlər, reportyorlarla Azərbaycandakı sovet qoşunları arasında yaranmış münaqişədən danışılır. Bir əcnəbi jurnalist Qarabağda baş verən hadisələri, həqiqətləri Avropada yaymaq istəyir. Ona görə də, jurnalistlə sovet qoşunlarının kapitanı arasında qarşıdurma başlayır. Son nəticədə jurnalisti qətlə yetirirlər. Filmdə əcnəbi jurnalisti  iranlı aktyor  Əli Yavəri, sovet qoşunlarının kapitanını isə filmin həm də prodüseri olan Tarıverdi Allahverdiyev ifa edir.

- Baş rolun ifaçısını niyə məhz İrandan dəvət etmisiz? Bu aktyorla tanışlığınız hardandır?

 
E.A.: - Əli Yavəri ilə xeyli əvvəl Bakıda tanış olmuşduq. Ssenari üzərində işləyəndə Xəyyamla birgə belə qərara gəldik ki, Əli Yavəri bu obraza uyğun gəlir. İranın tanınmış aktyorudur, teatrlarda çalışır, seriallarda, televiziya filmlərində çəkilir.

X. A.: - İrandan dəvət etdiymiz aktyorla əvvəldən münasibətimiz, ünsiyyətimiz, yaradıcılıq əlaqələrimiz  vardı. Bilirsiz ki, İrandan aktyor və ya çəkiliş qrupu dəvət etmək maddi baxımdan çox baha başa gəlir. Amma bizim aramızda həm İnternet vasitəsi ilə, həm də canlı şəkildə yaradıcı fikir mübadiləsi getdiyindən, və o, bizim yaradıcılıq qabiliyyətimizə bələd olduğundan dəvətimizi qəbul etdi. Əks təqdirdə xaricdən aktyor dəvət etməyə bizim layihənin büdcəsi imkan verməzdi. 
- Layihəni Karate Federasiyasının təqdim etməsi və onun nazirlik tərəfindən  qəbul olunması birmənalı qarşılanmadı...…

X. A.: - Bəziləri hesab edirlər ki, kino təhsili olmayan şəxslər və yaxud kinoya aid olmayan  qurum film çəkə bilməz. Bu məntiqin kökündə də məsələyə bu  nöqteyi-nəzərdən yanaşmağımız dayanır. Qeyd edim ki, Karate Federasiyasının artıq kino təcrübəsi var. Onlar iki  tammetrajlı döyüş filmi işləyiblər. Hər iki film Qarabağ, vətənpərvərlik mövzusunda çəkilib.  Əks qütbün tərəfdarları  bu filmlərə baxıb, sonra bir fikir yürütsələr, daha yaxşı olar. 

- «Qara qutu»da karate və ya başqa idman növündən istifadə edilibmi?

 
E.A.: - Xeyr, filmdə heç bir idman növündən istifadə olunmayıb.

- «EXA Prodakşn»ın lentə aldığı «Koramal»ın süjet xətti necədir?

X.A.: -  Beş ilə yaxındır ki, Elməddinlə birgə «EXA Prodakşn» studiyasını təsis etmişik. Bəzən onu şirkət adlandırırlar. Bu daha çox bizim yaradıcılıq emalatxanamızdır. Bizim studiya «Bu meydan, bu ekran» kinomüsabiqəsi çərçivəsində «Koramal» filmini çəkdi. Artıq ilk kadrları görən yaradıcı insanlar həm təəccübləniblər, həm də filmi maraqla qarşılayıblar. Çünki ilk növbədə filmin ideyası, toxunduğumuz mövzu çox maraqlıdır, psixolojidir, bəşəridir. Filmdə iki kordan və onlar arasındakı konfliktdən bəhs olunur. Hər kor özlüyündə böyük bir kütləni təmsil edir. Ona görə də, hesab edirəm ki, film maraqlıdır, aktualdır, müasirdir, dövrümüzlə, mühitimizlə səsləşir. Filmdə, həmçinin  insanların bir-birinə qarşı olan laqeydliyi, biganəliyi öz əksini tapıb.

- Bəs, bu filmə kimləri çəkmisiz?

E.A.: - Filmdəki rolları Kamera Teatrının aktyoru İlqar Cahangirov, qocaman aktyorumuz İdris Rüstəmov,  Milli Dram Teatrının aktyoru Kazım Abdullayev  ifa edirlər. Bu film də səsləndirilir, yaxın günlərdə hazır olacaq. 

Aişə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar