Gedənə qal deməyəcəksən. Gedənə qal demək zavallılara, qalana get demək tərbiyəsizlərə, dönməyənə dön demək acizlərə yaraşır.
   F.Nitşe
  
  
   Ayın işığı gecəni gümüşü rəngə bürüyüb. Bu, gözəldi. Bütün eybəcərliklər qaranlıqlarda gizlənir. Mən indi başa düşmüşəm qaranlıqları niyə belə çox sevdiyini... Otaqda pianonun həzin səsi gəlir. Deyəsən, Yannidi. Belə ab-havada düşünmək də rahat olur. Fikirlər özü gəlib keçir. Saatın kəfkiri yenə qayğısız-qayğısız ömrümüzdən arsızcasına illəri qopararaq rəqs edir. Saat demiş, bu gün sərgidə qəribə bir rəsm gördüm. Əqrəbləri qadın olan saat. Qadın... Zamanı irəli aparan qadın... Nələrə işarə etdiyimi anlayırsan, yəqin... (Zaman keçib gedəndi)
   Sentyabrın son günləridi. Payızın nəfəsini duyuram. Bilirsən payız gələndə əllərim buz kimi olur. Hətta hava isti olsa belə. Payız məni belə salamlayır... düşünmə ki, bu təkliyin hiss etdirdiyi soyuqluqdu. Əsla! Bu, daşürəklərin soyuqluğu deyil, tamam başqa bir hissdi. Bunu sənə izah edə bilmərəm. İzah etsəm belə, anlamazsan... Axı sən okeanın ortasında təklənmiş gəmini qoruyan aysberqsən...
   Ayın üstündən qara bulud keçir. Eh, bu axı bizim uzaqlarda olsaq belə eyni anda seyr edə bildiyimiz yeganə aydır. Bulud kimi düşüncələrim də qaralır... qadınlar... Tənha qadınlar...niyə tənhadı? Allah da təkdir, bilirsən. Yox, düşünmə ki, onları Allaha bərabər tutdum... bir az fikirləş. Kişi eqoizminin ən son həddi haqda. Allah bənzəri olmayan, sirri bilinməz, dünyanın, hər şeyin lideridir! Deyilmi? Ondan üstünü olmaz! Olmaq istəyən də Allahdan imtina edər. Onlara isə ateist deyərlər. Düşün, kişi eqoizminin ən sonuncu həddi haqda. Varlığından imtina etdiyin qadınları düşün. Sən də liderlik iddiasında idin, deyilmi? Səndən üstünü olmadığını düşünürdün, qəbul edə bilmədin qadının səndən irəlidə olan bir addımını... öz acizliyini görə-görə inkar etdin onun varlığını... Sənə də ateist deyimmi?
   Yavaş-yavaş qara bulud ötüb keçdi... bilirəm qürurun olmasaydı e-mail ünvanıma yazardın bu an ünvanıma dediyin bütün tənqidlərini... Yadımdadır, kişilərlə bağlı bir yazımı necə tənqid etdiyin... “Yox, Yeganə. Səninlə razı deyiləm, bu yazını balta-bıçaqla yazmısan və s.” Kişi eqoizmi...səni qınamıram. Amma çox xahiş edirəm, bu yazını onunla qarışdırma. Bir anlıq qadın olub dərk edərək düşün...
   Ay da tək qalıb bu gün...əslində o həmişə təkdi... Günəşə aşiq-filan da deyil. Bunlar sənin uydurmalarındı... “Amma nurunu günəşdən alır” - deyirsən. Yaxşı, olsun. 1:0 sənin xeyrinə. Yox, amma... Axı günəşi də özünə yaxın buraxmır. Bilir ki, nə qədər buz olsa belə günəşin odunda yanıb-yaxılacaq. Bu dəfə 1:1. Heç-heçə yəni. Necə ki, bir heçə döndərdik bu nağılın sonunu. Nə mən günəş oldum, nə də ki sən ay...yaxud əksi. Öyrəndim gecələrdə ay qədər buz kimi soyuq olmağı... Bilirəm, yenə də “səmimiliyin həddini aşdı” deyəcəksən. Bağışla!
   Ay bu gecə mənə nələrisə pıçıldayır. Sərin külək çox yaxın uzaqlardan aya baxdığımız o gecəni gətirir. Yox o gecə təkcə aydan ibarət deyildi. Orada ləpələri həzin musiqi səsləndirən dəniz də var idi. Məni qorxudan, vahimələndirən xarabaya çevrilmiş, içinə qaranlıqlar dolmuş evlər və uluyan bayquşlar da var idi o gecə. Təkcə sən yox idin... Mən indi bildim niyə xəyallar qurmağı belə çox sevmişik...
   Ay artıq yerini dəyişib. Amma bilirəm bir gün yenə öz yerinə qayıdacaq. Gecələri necə sevirəm bilirsən. Ramiz Rövşənin bir şeiri var: “Burax gedim, ay işığı”. Yadımdadı, hələ uşaq idim. Bir gecə yerimdə yatarkən təsadüfən azca aralı qalmış pərdədən üzümə düşən ay işığını ilk dəfə duyaraq gördüyümü xatırlayıram indi. Təsadüflər zərurətdən doğurmuş. Ayağa durub pərdəni açmışdım. Ay yerini dəyişdikcə mən də yerimi dəyişib səhərədək seyr etmişdim onu beləcə. O gündən aşiqəm ay işığına...heç xəyanət etmədim ona. Sən anlamazsan bunu.
   Bir azdan səhər açılacaq. Sən də əriyib gedəcəksən qaranlıqlar kimi səhərin işıqlarında. Yenə havadakı o uğultunu eşidəcəm... Bu, ömrü bitməkdə olan gecələrin səsidi, çoxları bunu eşitməz... Bu qaranlıqlara vida edib gözlərini yuman ayın fəryadıdı...
   Bilmirəm niyə bunları yazıram... Yox, əslində bilirəm. Yadımdadır, “İkimizə aid bir şeir yaz” demişdin, mən də təvazökarcasına “Yox, mən daha şeir yaza bilmirəm” demişdim... İndi isə ilk essemi, düşüncələrimi köçürürəm gümüşü gecəyə... “Sadəlikdə mürəkkəblik” deyirdin mənə. O vaxtdan çox ad fikirləşdim sənə... bu gün o adı tapa bildim... Oxumaq istəsən ayın üzünə bax!..
  
   Yeganə Cansail
  
yeganec@list.ru