«Millətimə qurban olum, ay ana...» («Fransız» filmindən)
  
   «Dodeskaden» Kurasavanın filminin adıdır. Filmin psixi xəstə qəhrəmanı xarabalıqda xəyali qatarını saat dəqiqliyi ilə sürür. Dodeskaden bu qatarın təkərlərinin təkrarladığı kəlmələrdir. «Space» televiziyasının dünya kinosundan təqdim etdiyi anons reklam rolikində sanki bu «maşinist» dünya kinosundan inciləri daşıyır. ANS-in arabir, meyxana verilişlərindən vaxt tapanda müasir dünya kinosundan olan dəyərli filmlər nümayiş etdirmək işini «Space» TV müntəzəm olaraq edir. Mənasızca vaxt öldürən Hollivud filmlərinin, məişətə bir addım yaxınlığı ilə tamaşaçıları evində həbs edən Türkiyə və Braziliya seriallarının bolluğunda klassikadan, ağ-qara Çaplin filmlərindən başlayaraq bu günün həqiqi kino nümunələrini ekranda görməyin sevincini «ev kinoteatrı», DVD pleyeri olmayanlar bilər. Əlbəttə, bu dəyərli filmlərin nümayişi birbaşa kanalın rəhbəri ilə (Vaqif Mustafayev kinorejissordur) əlaqədardır. Məhz bu filmlərin nümayişinə görə kanalın reytinqi kinosevərlərə görə yüksəkdir. Düzdür, bu kanalın ekranında dünyaca məşhur rejissorların ən yeni filmlərini hələ görə bilmirik, amma əvəzində kinosevər tamaşaçı dünya və Azərbaycan kinosu tarixindən ən gözəl nümunələri izləyirlər. Hətta Rahib Azərinin apardığı bütöv bir veriliş Azərbaycan kinosuna həsr olunur. Deyəsən, adı da «Bizim kino»dur...
   Dübarə, kanalın hüsnünə yaraşıq verən daha bir veriliş «Kiçik qala-84» əyləncəli verilişidir. Zövqü, məntiqi və həyata iddiası olan heç kəs onu başqa əyləncə verilişlərinə dəyişməz. Verilişin konkret süjeti, mövzusu yoxdur. Sadəcə aparıcı Rahib Azəri koloritli, milli, xudmani məkanında adı kimi azəri, koloritli, milli, guşənişin qonaqları qəbul edir. Söhbət bədahətən yaranır. Bəzi məqamlarsa bütün saxtalığı ilə (guya qonaqlar təsadüfən oradan keçir, «dedim, gəlim dəyim» fikriylə bu məkana baş çəkirlər) dəhşətli dərəcədə doğma, səmimi və maraqlıdır. Verilişin-məclisin daimi iştirakçıları Rahib özü, məclisi gözəl rəqsləri ilə rövnəqləndirən çox sevimli Mansur dayı, mütləq bir-iki meyxanaçı, əruzda və hecada yazan, yar əlindən cəfa çəkən şair, zindan kimi ağır kitablar çap etdirən yazıçı, dəfi əlində bir el xanəndəsi, məşhur «Fransız» filmindən tanıdığımız üzərlik tüstüsündə bizi xumar edən Dədə Qorqud (Arif Qasımov) və qıraqda durub bütün bu haqq-hesabı çəkən rəssamdır. Məclisin duzu və ləzzəti öz aləmlərində kef edən bu tiplərin (yaxşı mənada) əhvalında, enerjisindədir - «Ay bərəkallah, nə gözəl canlarız...»
   Verilişin temporitmi milli rəqslərimizə süzən Mansur dayının sındırmalarında və bir də nə qədər özünü-sözünü bəyənməsək, ciddi saymasaq da, bizi yerimizdə dingildədən meyxana ritmindədir. Verilişin qonaqlarının məramının, söhbətinin, həyat tərzinin absurdluğunu bu sevimli qəhrəmanların-qonaqların bunca doğmalığına bağışlayırıq. Məhz bu maraqlı, qapalı düşüncə tərzimizdəndir ki, Rahib Azərinin ustalıqla hər gələn qonağa təkrar-təkrar danışdığı cəfəng «dönər əhvalatını» dinləməkdən yorulmuruq. Nə qədər ustalıq! Biz istedadlıyıq!
   «Kiçik qala 84» ünvanında yaşayırız. Azəriləriz. Məclis sevəriz. Çox istedadlıyız. Bir kəlmədən mətləb anlarız. «Ay bərəkallah, nə gözəl canlarız!...»  

   Aliyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar