Kinoda şərab nələri simvolizə edir?
  
   Ölümünün yaxınlaşdığını bilən Həzrəti İsa gizli yığıncaqda onu şagirdlərinə verəndə "İçin! Bu mənim qanımdır!" - demişdi. Bir çox xalqlar hətta yas mərasimlərində belə ondan istifadə edirlər. Digərlərində isə yas və ya toy, heç bir fərqi yoxdur, ondan istifadə, ümumiyyətlə, günah sayılır. O, incəsənət adamlarının ən yaxın dostudur. Söhbət, əlbəttə ki, şərabdan gedir. Ağ, qırmızı, kəmturş, kəmşirin, fransız, italyan… Çeşidləri saysız-hesabsızdır. Onu qədəh-qədəh içmək olar və heç bir həzz almazsan. Lakin birdən də (əksər hallarda) meyxoş olmaq üçün bircə qurtum bəs edir… Yəqin elə bu cəhətinə görə cahillər onu rişxəndlə "qadın içkisi" adlandırırlar və bəlkə həyatlarında ilk dəfə doğru söylədiklərinin fərqinə belə varmırlar - Şərab da qadın kimi ikiruhludur.
  
   Şərab hazırlamaq üçün böyük məharət, xüsusi dəqiqlik, incəlik tələb olunur. Odur ki, şərabçılığı incəsənət işi də hesab etmək olar. Əbəs yerə yazının əvvəlində ona sənətkarların yaxın dostu demədik. Lakin şərabın incəsənətlə əlaqəsi yalnız şair, rəssam, musiqiçi və sairlərin stolunun sakini olmaqla bitmir. O, həm də sənətin əsas qəhrəmanlarından, simvolika kimi ən çox müraciət olunan elementlərdən biridir.
   Kinoda şərab nələri simvolizə edir?
   Dünya kinematoqrafiyasındakı hazırkı "mövqeyinə" çatana qədər şərab çox uzun bir formalaşma mərhələsi keçib, dəfələrlə şəkil dəyişib. Təbii ki, rejissorlar daha çox şərabın Bibliyadakı dini anlamına istinad ediblər.
  
   "İsanın qanı"
  
   Kinoda qan natamam münasibətlərin rəmzidir. Məşhur italyan rejissoru Viskontinin "Venesiyada ölüm" filminin qəhrəmanı professor Averbax sevdiyi gəncə yaxınlaşmaq üçün özünü qrimlə cavanlaşdırır. Və unudur ki, hər şeyin mənası içindədir. Zahiri cavanlıq hələ daxilən də cavan olmaq demək deyil. Yəqin elə bu səbəbdən, məhəbbətinə qarşılıq almayan professor öldüyü zaman qrim qanla birlikdə axır, onun zahirini eybəcərləşdirir.
   Keçən əsrin iyirminci illərində alman kinematoqrafiyasına dəhşətli bir qəhrəman - vampir gəldi. Fridrix Murnaunun "Nosferatu" filminin əsas personajı qaniçən, yarıölü vampir idi. Həmin vaxtdan etibarən bu günə qədər - Nosferatudan tutmuş ən populyar vampir olan qraf Drakulaya qədər bütün vampirlər yaşamaq üçün (əgər belə demək mümkünsə) qan içməlidir. Tarkovskinin "Solyaris" filmində də qadın həm canlı, həm də cansızdır. Burada qan əbədilik rəmzidir. O, insanı iki fərqli dünyanın - işıqlı dünya və axirət - sakininə çevirir. İnsanın maddi və mənəvi dünyası qovuşur. İnsan və kainat arasındakı münasibətlərin daha geniş formasını qurbanvermə mərasimlərində görmək olar. İbtidai insan qurbanlarının qanını içirdi və iki dünya arasında əlaqə yaratdığına inanırdı.
   Qan əbədiliyin rəmzi olmaqdan əlavə, həm də yaddaşın, tarixin simvoludur. Yapon rejissoru Kobayasinin "Kvaydan" filmində düşmən əlinə keçməmək üçün özlərini suya atan samuraylar qanlı dənizdə boğulurlar. Qanlı dəniz tarixi yaddaş deməkdir. "Kvaydan" filmində qanla su birləşir. Zorakılıq tarixi yaddaşa çevrilir. A. Hiçkokun "Psixo" filmində də qanı su yuyur və cinayət tarixdə qalır, araşdırılır. "İvan Qroznı" filmində qırmızı köynək cinayətin baş verməsi haqqında xəbərdarlıqdır. "Amerikasayağı gözəllik" filmində qan köynəkdən çıxır və rəqs edir.
  
   Şərab və...
  
   Qurbanlıq insan qurbanlıq quzu ilə əvəz olunanda qanın da yerini şərab tutdu. Qan və şərab bir rəmzin iki mənasıdır. Hiçkokun "Kəndir" filmində cinayət baş verir, insan qətlə yetirilir. Və sonra qatillər meyiti gizlətdikləri sandığın üstündə şərab içirlər. Yaponiyada qatil və qurban cinayət ərəfəsində şərab içirlər. Eyzenşteynin "İvan Qroznı" filmində şərab və ölüm paralel şəkildə bütün tarixi müşayiət edirlər - çarın arvadını, anasını şərabla zəhərləyirlər. Məhz, şərab çarda qəddarlıq oyadır, onu qatilə çevirir. Boş badə onun qanlı hökmranlığının ifadəsi olur.
   Zəhərli şərab həm cinayət, həm də məhəbbət və mərhəmət simvoludur. "Mərgümüş" filmində (rej. Frenk Kapra) yanlış qonaqpərvərlik obrazına çevrilən zəhərli şərab həm də yeniliyin rəmzidir. Qədim Yunanıstanda məhsul bayramı ilə şərab bir-birindən ayrılmazdır. Dahi Fellininin "8 2/1" filmində uşaqları şərabda çimizdirirlər və gələcəyin sənətkarı yetişir. Qələbəni də şərab yekunlaşdırır.
   Və nəhayət, gəlib çıxdıq şərabın ən əsas anlamına: Şərab kinoda insan və sənətkar azadlığının simvoludur. Miloş Formanın "Amadey"ini yadınıza salın - Salyeri yeməyi çox sevir, Motsart isə şərabı. Şərab həm də qadağalarla bağlıdır. Həmin rejissorun başqa bir məşhur filmində - "Qu quşu yuvası üzərindən uçuş"da şərab sağlam adamla yanaşı, ruhi xəstələri də təhtəl şüurlarındakı qorxularından azad edir.
  
   Çaplinin filmlərində şərab azadlığın rəmzidir
  
   Lakin heç kim şərabla Çarli Çaplin qədər rəngarəng variantlarda işləməyib. Çaplinin filmlərində şərab gizli həyatın rəmzidir. Burjua cəmiyyətinin qoyduğu qadağalar çərçivəsində boğulan milyoner gecələr içir. İçkinin təsiri ilə o, mərhəmətli, səxavətli, şairruhlu birinə çevrilir. Amma səhərlər içkinin təsiri keçəndə heç nə xatırlamır ("Böyük şəhərin işıqları").
    Çaplinin filmlərində şərab daxilən azad olmaq üçün vasitədir. Kinoya yenicə qədəm basdığı ilk illərdə çəkildiyi filmlərdə Çarlinin balaca avarası sərxoşdur. Zira dahi aktyor hələ öz obrazını tapmayıb, o, hələ axtarış prosesindədir. "Yeni zamanlar" filmində Çaplinin qəhrəmanı işə girir, cəmiyyətlə ayaqlaşmağa çalışır. Ancaq şərab yenə də onu öz mühitinə qaytarır.
   Sonrakı filmlərində Çaplin balaca avara ilə vidalaşır və şərab onun filmlərində yeni məna kəsb etməyə başlayır. Müsyö Verdyü varlı qadınları zəhərləyir ("Müsyö Verdyü"). Qəhrəman indicə ifşa olunacağını anlayanda zəhərli şərabla intihar etmək istəyir. Lakin şərab onun həyatını dəyişir. Məhz şərab vasitəsi ilə Çaplinin qəhrəmanı iki dünya arasındakı insana çevrilir. Çaplinin son filmlərindən birinin qəhrəmanı isə istedadını itirmiş kloundur ("Rampanın işıqları"). Daxili azadlığını əldə etmək, yenə də güldürə bilmək üçün ona içmək lazımdır. Şərab Çaplinin bütün ekran qəhrəmanlarını formalaşdırır.
   Azərbaycanda da ən məşhur ədəbi qəhrəman - Kefli İsgəndərdir. Dahi Mirzə Cəlilin bu qəhrəmanı həqiqəti danışa bilmək və yanındakı "Ölülər"in sırasına düşməmək üçün şərab içir. O da mənəvi azadlığını şərabın köməyi ilə qoruyur.
  
   İntiqam