Bəzən detallar ümumi məntiqə xidmət etmir
Kino dəqiq sənət olsa da, nisbilik xarakterini hələ də saxlayır. Kinonu nisbiləşdirən amillərdən biri məhz kinodetal, yəni kinoəşya, kinoelementdir. Doğrudan da, detal nisbidir, dəyişə bilər. Ancaq film çəkilənə qədər. Məsələn, məqsəd hansısa qəhrəmanı öldürməkdirsə, onu bıçaqla da etmək olar, tapançayla da, zəhərlə də və s. Ancaq detalı müəyyən situasiya özü doğurur. Bu məsələ həm də zaman və məkan daxilində həll olunmalıdır. Bəzən detallar ümumi məntiqə xidmət etmir. Məsələn, bəzən əgər qəhrəmanın geyimi onun hərəkət və davranışlarına mane olursa. Ancaq əksər filmlərdə kinoəşya ümumi işə xidmət edir.
Bizə qəhrəmanın düşdüyü mühit maraqlıdır, bütün ətrafı seyr etmək yox
"Qanun naminə" filmində Qaloşun rolu danılmazdır. Eləcə də saatın... Kinoya ədəbiyyatdan gələn bu metoforiklik məhz filmləri bir az da bədiiləşdirdi, cilaladı, kinosistematikanın vacib ünsürünə çevirdi.
Bu gün (elə dünən də) kinonu müəyyən detallarsız təsəvvür etmək mümkün deyil. Bəzən də elə olur ki, detallar obrazlaşır. Məsələn, "Koroğlu" filmində at və qılıncın timsalında bunu görə bilərik. Məqsəd onda deyil ki, yaxşıdı, ya pisdi. Söhbət ondan gedir ki, filmin ümumi konsepsiyasını dağıtmasın, qəhrəmanın obrazına girib ona şərik çıxmasın. Detalın açar rolu oynaması bəzən çox maraqlı alınır. Eyni zamanda müəyyən detalların (məsələn, silahın) bəzi filmlərdə həddən çox görünməsi təbliğata çevrilir və bu detal cəmiyyətə, tamaşaçıya ucuz-ucuzuna sırınır. Aydındır ki, müharibə filmlərini silahsız təsəvvür etmək mümkün deyil. Daha optimal variantlar axtarıb tapmaq peşəkarların işidir. Axı çəkiləcək filmə 90 yaşlı qoca da baxır, 4 yaşlı bağça uşağı da. Açar lazımdır. Ancaq qıfıla düşmürsə, nə mənası. Bir də görüntü xatirinə nəyisə göstərmək, geniş peyzajlar vermək yalnız mənfi qütbə xidmət edir. Bizə, uzağı qəhrəmanın düşdüyü mühit maraqlıdır. Bütün ətrafı seyr etmək yox. Detal zamanla da uyuşmalıdır.
Bədiilik xatirinə nəyisə qurban vermək anlaşılan deyil
"Nəsimi" kimi bir gözəl filmə baxırıq. Növbəti kadrlardan birində kanalizasiya quyusu göstərilir (ötəri olsa da). Bu hansı məntiqə sığır. Yaxud başqa bir filmdə qəhrəman filmin 60 dəqiqəsini siqaret çəkir. Bu həm tamaşaçıya hörmətsizlikdir, həm də obrazın özünü cılızlaşdırır. Deməli, detal həm də nifrət oyada bilər. Bəzi filmlərin adı da detalla eyniləşdirilir: "Alma almaya bənzər". Bu filmin məzmununa o qədər xələl gətirməsə də, yenə qəhrəman detal kontekstində anlaşılmazlıq yaradır. Baxmayaraq ki, burada da bir bədiilik var. Lakin bədiilik xatirinə nəyisə qurban vermək və ya üstündən keçmək müsbət situasiyaya xidmət göstərmir... Buradan belə bir nəticə hasil olur: detal filmə xidmət etmirsə, heç olmasa yaxşıdır. Məgər narkomaniyaya qoşulanın narkomanlığını göstərmək üçün uzun müddət narkotik maddəni ekrana çıxarmaq lazımdır?