2008-ci ildə «Azərbaycanfilm» kinostudiyasında Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə istehsalata buraxılan «Ehram TV» bədii filmi fevralın 10-dan əlavə çəkilişlərinə başlayacaq. Filmin ikinci rejissoru Çingiz Həsənovun verdiyi məlumata görə, «Ehram TV» əlavə çəkilişlər istisna olmaqla bütün çəkilişləri hazırdır: «Əlavə çəkilişlərdən sonra səsləndirilmə işinə start veriləcək. Artıq montaj işləri aparılıb. Tamamlanma işlərindən sonra filmin aprel ayının əvvəlində təhvil verilməsi planlaşdırılıb». Xatırladaq ki, «Ehram TV»-nin rejissoru və ssenari müəllifi Ayaz Salayev, operatoru Bayram Fəzlidir. Filmdə Rasim Balayev, Şəhab Hüseyni, Fuad Poladov, Yaşar Nuri, Kübra Əliyeva və başqaları çəkilmişlər.