Münasibətləri maraqlı etmək üçün mütləq problem olmalıdır?
  
   Kinematoqrafiyamız bir çox mövzular kimi sevgiyə də laqeyd qalmayıb. Filmin süjet xətti nə olursa-olsun, əksər ekran əsərlərində sevgi motivlərinə az-çox yer ayırıb. Komik sevgi situasiyalarından tutmuş, qadağan əlaqələrə kimi hər cür durumlar təqdim olunub.
  
   «Ulduz»
  
   Söhbət ki, komik sevgi situasiyalarından düşdü, elə onlardan başlayaq. Ağlımıza o dəqiqə məşhur «Ulduz» filmindəki Möhsün gəldi. Ümumiyyətlə, bu film başdan-ayağa «prikol» münasibətlərlə doludu. Əvvəlcə, nəyin bahasına olur-olsun, təkliyin daşını atmaq, özünə sevgili tapmağı qarşısına məqsəd qoymuş Möhsünün məhəbbət yolunda üzləşdiyi fiaskolar, sonra Qədirin sosial-ictimai motivlərə köklənən sevgisi, arzusuna çatmağın maraqlı üsulları və s. Sözün açığı, «Ulduz»un ən yaddaqalan qəhrəmanı elə Qədirdir. Səbəb: sovet ədəbi tənqidi demişkən, hisslərin sadə dillə səmimi ifadəsi... Hansına ki, film boyu, bütün sevgi situasiyalarında əməl olunub. Burada heç nəfəs kəsən ehtiraslı kadrlara ehtiyac da qalmayıb.   

 «Əhməd haradadır?»
  
   Təbii, komik sevgi situasiyaları zəngin olan «Əhməd haradadır?» filmini yada salmamaq heç insafdan deyil. Nişanlandığı qızdan imtina edərək şəhərə qaçan, sonradan elə ona vurulan baş qəhrəman Əhməddən tutmuş, sevgilisinin qısqanclığından təngə gəlmiş rəngsaz Əhmədə qədər… Doğrudur, bu filmdəki sevgi məsələlərinin komik olmağının məntiqi əsası var: film özü komediya janrındadır. Eynilə «Ulduz» kimi...
  
   «Görüş»
  
   Bu filmdə isə vəziyyət komiklikdən daha çox, əttökən sevgi kadrları ilə doludur. Ona görə əttökən deyirəm ki, gənc bir qızın qarşısını kəsən qoca kişi faktı nəinki o vaxt, heç indi də ağlabatan deyil. Üstəlik pambıq tarlasındakı görüşdən sonra münasibətlərini davam etdirən iki gəncin əlaqələrində sevgidən daha çox pambıq var. Təəssüf doğuran fakt budur ki, situasiya komik görünmək üçün yaradılmayıb. Filmin yaradıcıları tamaşaçıya ciddi sevgi dolu kadrlar təqdim etdiklərini güman ediblər. Bu hal, ümumiyyətlə, sevgi situasiyalarının mövcud olduğu bütün filmlərdə müşahidə olunur. Hətta bəzi filmlərin əsas süjet xətt sevgi olanda belə kadrlardan səmimiyyət duyulmur.
   «Onun bəlalı məhəbbəti», «Telefonçu qız» və s. kimi məhəbbət dramlarında qadınla kişinin sevgisi mütləq ictimai motivlərin fonunda təqdim olunur. Hətta intim, sıcaq kadrlarda belə onların ünsiyyətində «bəşəri problemlər» sevgi dialoqlarından daha çox yer tutur.
  
   «Tütək səsi»
  
   Adıçəkilən filmdə bu daha inandırıcıdır. Bu ekran əsərində yer almış qadın-kişi münasibətləri ona görə maraqlıdır ki, filmin sonuna qədər onların münasibətinə nə ssenaristin, nə də rejissorun münasibəti aydın olur. Situasiyanın mahiyyəti bundadır: Sayalını sevən Cəbrayıl onunla elə bir vaxtda görüşür ki, qadının əri və ən əsası Cəbrayılın dostu Muxtar cəbhədə olur. Kənd camaatı belə hesab edir. Əslində Muxtarın qara kağızı gəlib. Buna baxmayaraq, camaatın ürəyində bir əminlik var ki, o sağdır və mütləq qayıdacaq. Həm filmin təqdim olunduğu dövrdə, həm indi cəmiyyətin böyük bir hissəsi onların münasibətinə ikrahla baxa bilər. Amma diqqət yetirməli nüanslar bunlardır: dostuna xəyanət etmək, camaatın lənətini qazanmaq Cəbrayıl üçün elə də asan deyil. Elə oğullarının kənd əhlinin nifrətinə tuş gələcəyini bilən qadın üçün də… Artıq burada bütün sadalananları göz altına almaq güclü hisslərin, ehtirasın əlamətidir.
  
   Daha bir məqam
  
   O filmlərdə ki, sevgililərə ciddi mənada maneçilik törədən nələrsə, kimlərsə yoxdur, belə situasiyalarda sevgililərin münasibətlərində bir rəngsizlik müşahidə olunur. Belə nəticə çıxır ki, bu münasibətlərə hər hansı bir maraq əlavə etmək üçün mütləq problem olmalıdır. Bəlkə də bu doğrudur: axı maneəsiz-filansız bir-birini sevənlərin görüşləri, ünsiyyəti niyə və kimə maraqlı olsun ki? Bu fikrin sübutu kimi qadağan olunmuş münasibətlərin yer aldığı filmləri misal gətirmək olar. «Təhminə», «Gün keçdi», «Ölsəm, bağışla»… Lakin bu filmlərdə çatışmayan cəhət həmin sevgi situasiyalarının birmənalı qarşılanması, həm rejissorun, həm tamaşaçıların qəhrəmanlara haqq verməsidir. Necə deyərlər, tamaşaçı ilə filmin arasına girmək və hər hansı bir qənaət üçün tamaşaçının sərbəst düşünmək hüququnu pozmaq!
   Yuxarıda bəzi sevgi kadrlarında səmimiyyətin olmadığını desəm də, deyəsən, istisnaların olduğunu qeyd etmədim. Təbii ki, söhbət bir -birilərinə layiq olduqlarını sübut etmək üçün at sürüb, ox atıb, güləş tutan sevgililərdən - Beyrəklə Banuçiçəkdən gedir.. Bu gənclərin münasibətlərinin əks olunduğu kadrlar özündə heç bir açıq-saçıq elementlər əks etdirmədiyi halda, həyəcanla izlənilir. Əlbəttə, münasibətlər o səmimi alındıqda inandırıcı görünür, onda da hər şey təsirli olur.
  
    İntiqam







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar