Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən sənədli filmin adı yaxın günlərdə müəyyənləşdiriləcək. Muğam sənətinə həsr olunmuş filmin rejissoru tanınmış klipmeyker Emin Mirabdullayevdir. Sənətkarların fikirləri və maraqlı arxiv materiallarının əksini tapacağı filmin ssenari müəllifi Azərbaycan Milli Konservatoriyasının müəllimi Şəhla Mahmudovadır. Filmdə Azərbaycanın xalq artisti Əlibaba Məmmədovun Bülbül adına Musiqi Məktəbində apardığı dərs və gənc xanəndə Səbuhi İbayevin ifasında “Qarabağ şikəstəsi” lentə alınıb. Bundan başqa, yazıçı Anarın çıxışı və onun həyat yoldaşı, musiqişünas Zemfira Səfərovanın xanəndə Cabbar Qaryağdıoğlu haqqında araşdırmalarından ibarət süjet çəkilib. Filmdə Heydər Əliyev Fondunun sektor müdiri Nadir Axundovun və görkəmli xanəndə Alim Qasımovun fikirlərinə də yer verilib.
Aytək