Parsa Piruzfər:
   «Kinoya çəkilməyəndə, teatrda oynamayanda şəkil çəkirəm, gildən heykəl düzəltməklə məşğul oluram»
  
   Ötən həftə mədəniyyət aləmində İran Kino Həftəsi ilə əlamətdar oldu. Paytaxt kinosevərləri səsi-sorağı festivallardan gələn və məşhur rejissor isimlərilə tanınan İran kinosundan nümunələr izlədilər. Kino həftəsi çərçivəsində İranın tanınmış aktyorlarından biri Parsa Piruzfər Bakıda qonaq oldu. Onun fikirlərinin də izlənilən filmlər qədər maraq doğuracağını bilərək onunla müsahibəni oxucularımıza təqdim edirik.
  
   1972-ci ildə Tehranda anadan olan Parsa Piruzfər Tehran Universitetinin rəssamlıq fakültəsində təhsil alıb. Teatra və kinoya olan maraq onu təhsil aldığı dövrdə universitetin tələbə və kukla teatrlarına aparır. Həmin illərdə Parsa paralel olaraq, üç il dublyaj studiyasında çalışır. Sonradan isə teatrda çıxış edir, filmlərdə və seriallarda çəkilir.
  
  
   - Sizi İranın məşhur aktyorlarından biri kimi təqdim etdilər. Belə gənc yaşınızda məşhurlaşmağınızı nə ilə əlaqələndirirsiz?
   - İranda tanınmış aktyorlar çoxdur. Bilmirəm. Düzü, özüm-özümü tərifləyə bilmərəm.
   - Bəlkə, buna sizin cəlbedici zahiri görkəminiz səbəb olub?
   - Ola bilər. Amma mən həmişə istəyirəm ki, öz oyunumla uğur qazanım, nəinki zahiri görkəmimlə. Mənə həvalə olunan obrazların daxili hisslərini, ruhi aləmini çatdırmağa çalışıram.
   - Tehran Universitetinin rəssamlıq fakültəsində təhsil almısız. Amma sonradan aktyorluq sənətinə üz tutmusunuz...
   - Şəkil çəkdiyimə baxmayaraq, teatra, kinoya çox böyük marağım olub. Təhsil aldığım illərdə bir ayağım universitetdə, bir ayağım teatda olurdu. Mənimçün rəssamlıq və aktyorluq eyni səviyyədə durur, hər ikisi həyatımın vacib hissəsidir. Kinoya çəkilməyəndə, teatrda oynamayanda şəkil çəkirəm, gildən heykəl düzəltməklə məşğul oluram.
   - İlk dəfə kinoya çəkilmək təklifini nə vaxt almısınız?
   - Birinci dəfə filmə 1994-cü ildə çəkilmişəm. Bu, Davuş Mehrizinin «Pəri» filmi olub. Yeri gəlmişkən, Bakıda keçirilən İran Kino Festivalına da Davuş Mehrizinin filmi ilə gəlmişəm.
   - Əsasən hansı janra üstünlük verirsiz?
   - Drama daha çox üstünlük verirəm. Əslinə baxanda, mənim üçün filmin keyfiyyəti, bədii səviyyəsi böyük əhəmiyyət kəsb edir. Əgər mövzu, ideya xoşuma gələrsə, istənilən janrda oynayaram.
   - Səhv etmirəmsə, kinoda əsasən rejissor Masud Kimyəinin filmlərində çəkilmisiz...
   - Elədir. Mən onun «Etiraz», «Mersedes», «Ziyafət» filmlərində çəkilmişəm. O, İranın tanınmış rejissorlarından biridir. Təklif etdiyi rolları ürəyimcə oldu və təkliflərin hamısını qəbul etdim.
   - Aktyorların çoxunun kumiri, idealı olur. Siz kimdən görüb-götürmüsüz?
   - Bir nəfərin adını çəkə bilmərəm. Bir çox tanınmış aktyorları bəyənirəm, onların ifasından bəhrələnirəm. Hər bir aktyorun oyun tərzindən özünəməxsus xüsusiyyətlər var. Çalışıram onların hər birindən nümunə götürüm.
   - Bəs adi həyatda aktyorluq peşəsi sizə kömək edir, yoxsa mane olur?
   - Mənə çox kömək edir. Aktyor olmamışdan əvvəl mən çox utancaq adam idim. Aktyorluq peşəsi mənə özümə daha çox inanmağa kömək edib. Həyatda elə vəziyyətlərim olub ki, aktyorluq mənə psixoloji dərman, başqa sözlə stimul rolunu oynayıb. Məni ruhdan düşməyə qoymayıb.
   - İran kinorejissorlarının əksəriyyəti, xüsusən də tanınmış rejissorlar, filmlərinə qeyri-peşəkarları çəkməyə üstünlük verirlər. Belə halda, sizinçün hansısa tanınmış bir rejissorun filmində çəkilmək şansı azalmır ki?
   - Düzdür. Onlar filmin daha təbii alınması üçün qeyri-peşəkarlardan istifadə edirlər. Əlbəttə, mən həmin filmlərdə oynamaq istərdim. Çox istərdim ki, rolumu elə real oynayım ki, mənim aktyor olduğum bilinməsin. Desinlər ki, bu, elə ifa etdiyim peşənin sahibidir, tapıb filmə çəkiblər. Rejissorların qeyri-peşəkarları çəkməkdə məqsədləri tamaşaçıya filmdə aktyor oyunun hiss etməməkdir. Onlar filmə lazım olan həqiqi peşə sahiblərini dəvət edirlər. Sanki bədii yox, sənədli bir film çəkirlər.
   - Xarici ölkələrdə - Qərbdə filmə çəkilmək istərdiniz?
   - Mövzu baxımdan məni qane edən film olarsa, fərq etməz, Qərb, ya Şərq ölkəsi olsun, çəkilərəm. Demək olmaz ki, Qərb filmlərinin hamısı yüksək səviyyəlidir. Məsələn, bir çox Qərb filmləri var ki, onları bəyənmirəm və həmin filmlərdə çəkilmək istəməzdim.
   - Siz həm kino, həm də teatr aktyorusunuz. Teatr səhnəsi çəkiliş meydanından fərqli vərdişlər tələb edir. Səhnə davranışları kino çəkilişlərində sizə mane olmur ki?
   - Xeyr, heç bir problem yaratmır. Amma demək olar ki, bütün aktyorlar tearda oynamaqdan daha böyük zövq alırlar. Teatr səhnəsində aktyor şahlıq edir.
   - Belə başa düşdüm ki, teatr sizi kinodan daha çox cəlb edir...
   - Elədir. Əfsuslar olsun ki, daha teatrda oynamıram. Dörd ildir bir serialda oynadığım üçün başqa işlərə vaxtım qalmır. Amma çox istəyirəm ki, yenidən teatra qayıdım, yeni rollar ifa edim.
   - Festivalın açılışındakı çıxışınızda siz Stanislavskinin adını qeyd etdiniz. Onun nəzəriyyəsi ilə tanışsınız?
   - Mən Məhinə Uskuinin tələbəsiyəm. O isə Stanislavskinin tələbəsi olub. Ona görə də, Stanislavskinin teatr sistemindən xəbərdaram. Xanım Uskui həm də Stanislavskinin bütün əsərlərinin tərcüməçisidir. Mən də həmin əsərləri oxumuşam. Öz oyun tərzimdə də Stanislavski nəzəriyyəsindən istifadə etməyə çalışıram. Əgər ifa etdiyim obraz realizmə yaxındırsa, realist oyundursa, Stanislavskiyə müraciət edirəm. Çünki aktyor oyununda gerçəklik barəsində ən yüksək sözü o deyib.
   - Bu gün İran teatrında hansı meyillər özünü göstərir?
   - Son on-on iki ildə İran teatrları çox inkişaf ediblər. Çoxlu teatr qrupları yaranıb. Onlardan bəziləri klassik formanı saxlayıb, bəziləri isə modern formada fəaliyyət göstərirlər. İranda böyük salonlu teatrlarla yanaşı, kiçik, yığcam teatrlar da yaranıb. Hətta bəzi yerlərdə 30 nəfərlik tamaşaçı zalı olan teatrlar da var.
   - Sizin özünüzə böyük zalı olan teatrda, kamera teatrında oynamaq maraqlıdır?
   - Bu, tamaşadan, mövzudan və rejissorun yozumundan asılıdr. Elə tamaşalar var ki, onların gözəlliyini tamaşaçıya göstərmək, çatdırmaq üçün böyük səhnə tələb olunur. Elə tamaşalar da var ki, kiçik salonlu kamera teatrları daha uyğundur.
   - Kamera teatrında aktyorla tamaşaçı arasındakı məsafə minimuma enir. Səhnədə olarkən, tamaşaçıların reaksiyası sizə mane olmur ki?
   - Yox, əksinə, tamaşaçıya yaxın olduqca insanın əhval-ruhiyyəsi daha da güclənir. Aktyor tamaşaçıdan enerji alır.
   - Bəs, dramaturqlardan kimi sevirsiz, hansı sizə yaxındır?
   - İsveç dramaturqu Fridrix Durenmaxtı, rus yazıçısı Çexovu çox sevirəm. Dostayevskini də həmçinin. Xüsusən də onun «Cinayət və cəza»sı mənim ən sevimli əsərlərimdəndir. Mən nə vaxtsa bu əsərdəki Raskolnikov obrazını canlandırmaq istəyərdim. Bir neçə il əvvəl bu əsəri teatrçün hazırlayıb, özüm də oynamaq istəyirdim. Amma məşqlərin yarısında fikirləşdim ki, mən nə qədər iş görsəm də, bu əsərin əzəmətini aşağı salaram, zəiflədərəm. Ona görə də, ümidsiz şəkildə məşqləri yarımçıq qoydum. «Cinayət və cəza» çox böyük, dərin mənalı bir əsərdir. İki saatlıq tamaşa çərçivəsində əsərdəki çox qiymətli fikirlər, məqamlar kənarda qala bilər.
   - Yəqin ki, sizin ifanız birmənalı qəbul olunmur. Tənqidə münasibətiniz necədir?
   - Bizdə jurnallarda, qəzetlərdə tənqidi məqalələr dərc edilir. Düzü, bəzən çox ədalətsiz tənqid olunur. Amma mən özüm-özümə münasibətdə də çox rəhimsizəm. Özüm yalan dediyimi, yaxşı oynamadığımı etiraf etməyi bacarmasam, başqalarından nə uma bilərəm?
   - İranda film, serial istehsalı xeyli artıb, hətta rejissorluq ən nüfuzlu peşə sayılır. Bu göstəricini necə əldə etmisiniz?
   - İranda çox istedadlı insanlar, aktyorlar, rejissorlar bir-birini tapıb, kiçik qrup şəklində birləşirlər. Bu kiçik qruplar çox az pulla film çəkirlər. Əsas bu sənətə olan həvəsdir, gördükləri işdir. Bu qruplar az büdcə hesabına film çəkirlər, tanınırlar, sonra da dövlət onlara kömək edir.
   - Bu, sizin Azərbaycana ilk gəlişinizdir. Yəqin, hələ bizim filmlərlə tanış olmaq imkanınız olmayıb...
   - Uşaq vaxtı «Arşın mal alan» və «O olmasın, bu olsun» filmlərini görmüşəm. Ümid edirəm, digər filmlərinizi də görməyə imkan olacaq.
   - Bir neçə gün sonra ölkənizə qayıdacaqsınız. Bakı sizə hansı təəssüratları bağışladı?
   - Bakı gözəl şəhərdir. İnsanların hissləri isə İran camaatına yaxındır. Ona görə də burada heç bir qəriblik hiss etmirəm.
   
   Aliyə