Telekanallarda nümayiş olunan filmlər tamaşaçı zövqünü formalaşdırır
   
   Hər şey vaxtında və yerində olanda uyarlıdır. Telekanallarda efirə gedən hər bir verilişin, sənədli və bədii filmin də öz vaxtı olmalıdır. Təəssüf ki, Azərbaycan telekanallarında bu tələbə riayət olunmur. Hər kanalın güvəndiyi bir neçə proqram var ki, bütün diqqət, maliyyə, ən yaxşı efir vaxtı onlara ayrılır. Yerdə qalan verilişlər, filmlər həmin proqrama qədər mövcud boşluğu doldurmağa xidmət edir.
   
   Boşluğu doldurmaq xatirinə...
   
   Bir qayda olaraq "boşluğun doldurulması" prosesi filmlərin, teleserialların hesabına həyata keçirilir. Elə bu səbəbdən "Lider" və ANS telekanallarında seriallar təkrar göstərilir. Guya tamaşaçıların xahişi ilə. Amma bu xahişlər günün elə bir saatında həyata keçirilir ki... Məsələn, telekanallar səhər saat 11-də serialları təkrar verir. Həmin saatda isə digər kanallarda başqa, təzə serial nümayiş olunur. ANS kanalı isə təkrar göstərdiyi seriallarda bəzi redaktə işləri aparır: lazımsız bildiyi hissələri kəsib çıxardır və s.. Vaxtilə "Lider" kanalında bir Braziliya serialından digərinə qədər olan zamanı "İtalyansayağı ehtiraslar" adlı İtaliya serialı doldururdu.
   
   İntellektual tamaşaçı var, ona layiq kino yayımı yoxdur
   
   ATV kanalı ("Yeni Ulduz" layihəsi olmayanda) saat doqquzdan saat on birə qədər - "Son xəbər" başa çatandan sonra növbəti şou-proqrama qədər qalan vaxtda Hollivud və Avropada istehsal olunmuş ikinci, üçüncü dərəcəli filmlərə müraciət edir. Üstəlik, film əvvəlcədən təyin olunmuş iki saatlıq vaxt limitini keçəndə ixtisara salınır. Belə bir halın baş verməsinə səbəb reklam və anonsların çox verilməsidir.
   Lakin bütün bu qarışıqlığın içində hərdənbir müsbət kənaraçıxmalar da olur. İldə bir-iki dəfə həftə sonları kanalların həftəlik proqramlarına göz gəzdirəndə klassik və müasir kinonun incilərinə, sayılıb-seçilən rejissorların filmlərinə rast gəlinir. Məsələn, "Space" kanalında artıq bir ildir ki, bu proses gedir. Vaxt var idi ATV kanalı bəzən gecə saat üçdə ispan rejissoru Pedro Almadovarın filmlərini nümayiş etdirirdi. ANS kanalı arada klassik filmlər göstərir. Lilian Kavalinin "Gecə portyesi", Federiko Fellininin "Kabiriyanın gecələri", Roje Vadimin "Tanrı qadını yaratdı" filmlərini buna misal göstərmək olar.
   Müəyyən tamaşaçı zümrəsi var ki, onlar məhz yuxarıda göstərilən tip filmlərə baxmağa üstünlük verirlər. Özlərini intellektual sayanlar hansı filmlərə baxırsınız sualının qarşılığında həmişə klassik italyan və fransız filmlərinin adlarını çəkirlər. Azərbaycanda intellektual tamaşaçı zümrəsinin olduğunu danmaq olmaz.
   Görəsən, həmin filmləri efir doldurmaq xatirinə nümayiş etdirən kanallar onların tamaşaçılarına nə üçün hörmət etmir? Halbuki, elə həmin kanallarda çalışan müəlliflərin çoxu özlərini ziyalı sayırlar və klassik Avropa filmlərini özlərinin dediyi kimi, tez-tez izləyirlər. Deməli, tamaşaçıya diqqətsizlik birinci növbədə TV kanallarda çalışan ziyalılardan başlayır.
   
   Düşünməli və nəticəni dəyişməli
   
   Klassik filmləri və ya üçüncü, dördüncü kateqoriyalı filmləri almaq üçün külli miqdarda maliyyə sərf olunmur. Bu başqa məsələdir ki, klassik filmlərin nümayişi zamanı reklam sifarişi az olur. Bununla belə, Azərbaycan telekanalları həmişə özlərini bir intellekt bazası kimi göstərməyə çalışır. Əlavə edim ki, klassik filmləri almaq üçün külli miqdarda maliyyə də sərf olunmur. Belə olduğu təqdirdə kanallar ən azından özlərinin süni ziyalılıq prinsipinə əməl edərək filmləri istədikləri vaxt kəsməməlidirlər.
   Başqa bir məsələ həmin filmlərin həftə boyu reklam olunmamasıdır. Telekanallarımız qorxulu, döyüş filmlərini durmadan reklam edir, klassik filmlərin reklamı barədə isə fikirləşmək istəmirlər. Nəticə isə budur ki, efirdə üçüncü, dördüncü dərəcəli filmlər reklam olunaraq tamaşaçıların zövqünü formalaşdırır.
   Məsələn, bəzən elə filmlər nümayiş etdirilir ki, ("Doqvil", "Lion" və s.) əslində həmin filmlərin həftə ərzində reklam olunmasına böyük ehtiyac var.
    Sonda onu da bildirmək yerinə düşər ki, telekanallarda nümayiş olunan filmlər tamaşaçı zövqünü formalaşdıran amillərdən biridir. Bu baxımdan filmləri də seçərkən, necə deyərlər, layiqlilərinə pul vermək lazımdır.
   
   İntiqam







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar