Məhəbbət - yaxşı sözdür. Deyilişindən xoş emosiya, xoş ovqat yaranır. Qaynar, ətirli. Keyfiyyət, sağlamlıq, təbiətə nostalji yaxınlıq, baharın gəlişi, bülbüllərin nəğməsi, həşəratların sinxron, ahəngdar cırıltısı, arılar, əcdadların çağırışı, çəmənliklər. Ancaq bu gün çəmənlərə və çiçəklərə tez-tezmi rast gəlirsiniz? Yəqin ki, deyəcəksiniz heç çəmənlik, arılar yada düşür?

Televizor İraqdan, İrandan, yeni geopolitik siyasətdən danışır. Çəmənliklər də ki, çərçivəyə alınmış kiçik, yaşıl sahələr halında ancaq parklarda mövcuddur. Hələ sevgililər günü, 8 Mart, digər cürbəcür əlamətdar günlər. Onlar da sevgini bir tərəfdən məcburiyyətə çevirir, məsuliyyət yükünü artırır. Nədənsə belə günlərdə qadınlardan çox kişilər narahat olur, vurnuxurlar. Qadınlarsa belə hesab edir ki, belə günləri yadda saxlamaq kişilərin borcudur. İstənilən filmi götürün. Bir az diqqətli olsanız, müəllifin qadın cinsinə əsl münasibətini öyrənəcəksiniz. Bu yalnız fərdi işlərə aid deyil. Müxtəlif ölkələrdə çəkilmiş filmlərdə də eyni şeyi müşahidə etmək mümkündür. Avropada münasibət bir cürdür. Azərbaycanda başqa, Amerikada tamam başqa.
   Müasir Amerika filmlərində qadınlara münasibət çox maraqlıdır. Burada bir haşiyə çıxaraq qeyd edim ki, təkcə Amerika yox, Avropa kinosunda da amerikalı qadınlara qarşı qəribə münasibət mövcuddur. Sanki onların hamısının hansısa satanist qrupun üzvləri olduğu və kişilərin məhvini qarşılarına məqsəd qoyduqları təəssüratı yaranır.
   Avropalılar onlar haqqında belə deyirlər: «Əgər mənim amerikalı arvadım olsaydı, mən onunla hind adətlərinə görə evlənərdim, sonra da beynimə güllə çaxardım. Qoy onu sadiq və nümunəvi dul kimi yandırsınlar. Çünki o eyni vaxtda həm atipik virus, həm siyasət, həm də kütləvi qırğın silahıdır. Televizoru da onunla birlikdə yandırmağı vəsiyyət edərdim». Bunu amerikalıların özləri də (kişilər) arzulayırlar. Bu onların ən ilahi arzusudur. Sadəcə, dilə gətirə bilmirlər. Amma filmlərində istədikləri qədər arzularını bu və ya digər formada təsvir edirlər. Demək olar ki, Amerika filmlərinin 80%-də qəhrəmanın həyat yoldaşı əsl ifritə olur.
   Onlardan ən həyəcanlısına, rejissor Ron Hovardın «Şüurun oyunları» filminə baxaq. Qəhrəman başdanxarab dahidir. O, öz gözəgörünməz dostları ilə söhbət edən anlarda arvadı ləyaqətlə, təmkinlə, şikayətlənmədən, göz yaşlarını gizlicə silərək öz qismətinə boyun əyir. O, müalicə olunmağa çalışanda, qadını onun ən yaxın köməkçisi və dəstəyi olur. Sonda əri Nobel mükafatını alanda da onun qolundan yapışır. Bir sözlə, ilişməli heç nə yoxdur. Lakin epizodların birində o, ərinin üstünə qışqıraraq, təbii tələbatlarını ödəyə bilməməkdə günahlandıranda, əminəm ki, istənilən tamaşaçının, xüsusilə də kişilərin ürəyi sıxılır, onlar kiçilib yumağa dönürlər. Ər ona görə arvadının istəyini yerinə yetirə bilmir ki, neyroleptik qəbul edir. Əgər dərmanların qəbulunu dayandırsa, impotensiya ilə hər şey qaydasında olacaq, amma yenə «gözəgörünməz dostları» ilə danışacaq. Məsələ burada nə qəddarlıqda, nə də impotentlik qorxusunda deyil. Sadəcə, bu qadın artıq çoxdan həyat yoldaşını «basdırmış» dul qadındır. Məşhur, istedadlı alimin arvadı kimi o, daima təmkinli, müdrik olmağa, qəbrə qədər onu sevməyə, sonra da xatirəsini əziz tutmağa razıdır. Onu özündən çıxardan bu dulluğun natamam olmasıdır. Problem budur. Ərdə olmaq əziyyətdir, olmamaq daha pisdir. Müasir qadın üçün dul olmaqdan ləyaqətli status yoxdur. Amerikanın iqtisadi reallığında isə bu həqiqət özünü ikiqat doğruldur. Çünki müharibələr azdır, bədbəxt hadisə hamının başına gəlmir, siqaret çəkmək pedofiliyaya bərabərdir. Onda boşanma şəklində simvolik əvəzedici meydana çıxır.
   «Özgə sırada» filmində Samuel L.Ceksonun qəhrəmanı ailəsi ilə birlikdə qalmaq üçün az qala boyundan hündürə tullanmağa cəhd edir. Amma onun qəhrəmanı nəinki yoldaşına vəd etdiyi sakit, stabil həyatı təmin etmir, hətta pul itirmək kimi bağışlanmaz səhvə də yol verir. Amerikalı qadının gözündə pul itirməkdən böyük günah yoxdur. Ümidləri doğrultmadığı, özünü məsuliyyətsiz aparmağı üçün kişi yer üzündən silinir. Qadın xoşbəxtlik üçün yaranıb. Əgər kişinin başında xoşagəlməz bir iş varsa, bu onun problemidir. Çıxış yolu tapmasa, tezliklə o, arvadının daş kimi ifadəsiz sifətini və sakramental «biz bir müddət ayrı yaşamalıyıq» cümləsini eşidəcək. «Qarşıdurma» filmində Al Paçinonun qəhrəmanı kimi. Quldurları tutmaq məqsədi ilə az qala özünü unutmuş polis evinə gələndə arvadını başqası ilə görür. Yad bir kişi divanda oturub televizora baxır. «Sən mənim divanımda otura bilərsən, mənim arvadımla yata bilərsən. Amma sən mənim televizoruma baxa bilməzsən» - Al Paçino bu sözləri deyərək, arvadının tənələri altında çıxıb gedir. Nəticəyə fikir verək: kişi evini itirdi, əvəzində buynuz qazandı, özü də günahkar qaldı.
   Belə nümunələr sonsuzdur. Hətta psixoloji trillerdə də bu xətt unudulmur. «Qırmızı əjdaha» filminə baxanda elə təəssürat yaranır ki, əsərin kökündə qarmaqarışıqlıq var. Əjdaha heç də bədbəxt psixopat-qatil deyil, Edvard Nortonun arvadıdır. Bu xətt filmdə bir qədər yumşaldılıb, lakin əsərdə yazıçı Tom Harris onu son həddə qədər inkişaf etdirib. Nortonun ucbatından onun arvadının həyatında çətinliklər yaranır. Əvvəlcə kiçik, sonra böyük. Qadın bunu ərinə bağışlamır. Romanın sonunda Nortonun qəhrəmanı xəstəxanada yatır və oradan çıxandan sonra hara gedəcəyini bilmir.
   Burada artıq məhəbbət haqqında fikirləşməyin əsl yeridi. Bütün bu qadınlar öz ərlərini sevirlər, onların yaxşılığını istəyirlər, uğur arzulayırlar, hətta onların yanında bir qədər dözməyə də razıdırlar. Axı ona cənnət vəd etmişdilər. Bəs nə oldu?
   Artıq klassik kinoya çevrilmiş «Amerikansayağı gözəllik» filmindən aydın görünür ki, qadın nevrozunun, daima alkoqoldan, valiumdan istifadənin, psixiatra getmələrin başlıca səbəbi odur ki, qadın həyatının ali məqsədini dərk etmir. Ər demək olar ki, can verir, başını qaldırıb arvadının üzünə baxa bilmir, yatağı görəndə ürəyi bulanır. Amma qadın yenə də qane deyil. İşi o yerə çatdırır ki, kişi nəşənin necə çəkildiyini yadına salır və məktəbli qızı yoldan çıxartmağa çalışır. Bu yerdə qadın təbii ki, ümumiyyətlə, ağlını itirir, çünki dulluq açıq-aşkar təxirə düşür.
    Bütün bunlarla bərabər Amerikada hələ əsl məhəbbətə rast gəlmək mümkündür - məsələn, Ferraranın «Bizim Milad bayramı» filmində. Problem ondadır ki, filmin qəhrəmanları Panamadan gəlmiş latın amerikalılardır, narkotik alveri ilə məşğul olurlar. Sağlam genlər və biznesin ekstremallığı ər-arvadı ölümcül qarşıdurmadan uğurla qoruyur. 

   Aytək







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar