Şamil Nəcəfzadə: «İstəmirəm ki, tamaşaçılar ilk dəfə «Qala» filmini televiziya və ya DVD vasitəsilə izləsin»
Nəhayət ki, bu il Azərbaycan istehsalı olan «Qala» filmi ilk dəfə rəsmi şəkildə «Oskar»a təqdim edilib. 67 seçilmiş ekran əsərinin arasına düşən filmin rejissoru Şamil Nəcəfzadə ilə görüşməyimizin səbəbi elə bu idi. Amma biz onunla təkcə «Qala» haqqında danışmadıq. Kinomuzun indiki durumu və gələcəyi barədə peşəkar rəyinə güvəndiyimizdən kənar mövzulara da toxunduq.
- Şamil müəllim, filminiz barədə nə deyə bilərsiniz?
- «Qala» filminin ssenarisinin ilkin variantını 1991-ci ildə yazmışdım. Həmin vaxt müxtəlif səbəblərdən əsəri ekranlaşdırmaq baş tutmadı. O illərdə postsovet kinosu daha acınacaqlı vəziyyətdə idi.
2006-cı ildə «Qala» Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə «Azərbaycanfilm» kinostudiyasında istehsalata buraxıldı. Ssenari istehsalata buraxılana qədər dörd dəfə dəyişdirilmişdi. Sonuncu variantı tanınmış şair və ssenarist Ramiz Rövşənlə birgə yazdıq. Ramiz müəllimə minnətdaram ki, mənim ideyamı qəbul etdi və birgə səyimizlə «Qala» filmi ərsəyə gəldi.
- Bəzən rejissorlar yaradıcı heyətdən narazı olurlar...
- Bizim çox gözəl yaradıcı kollektivimiz vardı: quruluşçu operator Kənan Məmmədov, rəssamlar Arif Məhərrəmov, Əziz Məmmədov, bəstəkar Cahangir Zülfüqarov, səs rejissoru Teymur Abdullayev, icraçı prodüser Arif Səfərov. Sözsüz ki, gözəl aktyor ansamblını da qeyd etmək lazımdır. Baş rolları Rasim Balayev, Vidadi Həsənov, yenicə sevməyə başlayan çobanı isə 13 yaşlı debütant Məhəmməd Əlili oynayır.
Çoxlu sayda kastinqdən sonra qadın roluna moskvalı aktrisa Yuliya Peresildi seçdik. O, çox istedadlı aktrisadır və bir çox böyük filmlərdə, seriallarda çəkilib.
Məbud Məhərrəmov, Qorxmaz Əlili, Yuliya Belyayeva, Firəngiz Mütəllimova, Sonaxanım Mikayılova, Pərviz Məmmədrzayev, Elman Rəfiyevin oyununu da qeyd etmək istərdim.
- Bəzi mənbələrdə «Qala» birgə istehsal kimi təqdim olunur...
- «Qala»nın çəkilişləri başlamamışdan əvvəl məlum idi ki, nazirlik tərəfindən ayrılan vəsait filmin xərclərini tam ödəməyəcək. «Qala» quruluşca çətin filmdir. Təsəvvür edin ki, təxminən iki ay dağlarda ekspedisiyada olmalıydıq. Üstəlik, orada kompleks dekorasiya qurulmalı idi.
Filmin prodüseri Azər Quliyevlə əlavə maliyyə mənbələri axtardıq. Nəticədə isə Timur Vanşteyn və Rauf Atamalıbəyovun köməkliyi ilə Rusiyanın UMP (United Multimedia Project) şirkəti tərəfindən layihəyə yeni nəfəs gəldi. Mən həmin şəxslərə öz minnətdarlığımı bildirirəm ki, məhz onların qayğısı nəticəsində film ən müasir səs avadanlığıyla təchiz olundu. Filmin səsləri çəkiliş meydançasında yazılırdı. Bu da bədii filmlərdə az rast gəlinən bir üsuldur. Bu həm də ondan irəli gəlirdi ki, sonradan səslənmə zamanı Gədəbəy dağlarındakı film üçün lazım olan səsləri fonotekadan tapmaq çətin olacaqdı.
Filmdə yüksək peşəkarlıqla Moskvada hazırlanmış kompyuter qrafikası və titrlərdən istifadə olunub. Bütün bunlar isə bizə bədii və texniki cəhətdən dünya standartlarına cavab verən film ərsəyə gətirməyə imkan verdi.
- Bütün texniki yeniliklər filmin xarici festivallara göndərilməsi üçün idi?
- Bəli. Rusiyalı prodüserlər filmi ingilis dilinə tərcümə edib, surətini subtitrlə çap etdilər. Bundan sonra «Qala» Azərbaycan filmi kimi «Oskar»a təqdim olundu və bu ilin əvvəlində Amerika Kino Akademiyasının müzakirəsinə verildi.
Nəticədə film «Ən yaxşı xarici film» nominasiyasında 67 seçilmiş filmin sırasına düşdü. Məlumdur ki, həmin filmlər arasından 5, sonradan isə bir film seçilərək mükafata layiq görüləcəkdi.
Bu, ilk addım idi. Ancaq ən azından 200 amerikalı mütəxəssis bu filmi gördü.
Həmin nominasiyada pərəstiş etdiyim türk rejissoru Nuri Bilgə Ceylanın «Üç meymun» filmi də mübarizə aparırdı. Amma bu film də beşliyə düşə bilmədi. Halbuki, «Üç meymun» 2008-ci ildə Kann festivalında mükafata layiq görülmüşdü. Bu baxımdan demək olar ki, «Oskar» tamamilə özünəməxsus mükafat sayıla bilər və bunu qanunauyğunluq kimi qəbul etmək lazımdır.
- Filmin məzmunu barəsində nə deyə bilərsiniz?
- Filmin məzmunu çoxmənalıdır. Əsas mövzu reallıqla incəsənət arasındakı bərabərlikdir. «Qala» film içində filmdir.
Allahın yadından çıxmış ucqar dağ kəndində film çəkilir. Qış fəslində çəkiliş qrupu vertolyotla film üçün natura seçir. Yazda isə böyük dekorasiya qurulur və pafoslu, tarixi bir filmin çəkilişlərinə start verilir.Çəkilən filmdə qəhrəman atın üstündə düşmənlə mübarizə apararaq, vətəni müdafiə etməlidir. Çəkiliş vaxtı baş qəhrəman atdan yıxılaraq ayağını sındırır. Bu anda reallıqla ssenari arasında uyğun hadisələr baş verir. Ermənistan tərəfi Azərbaycan torpaqlarını işğal etməyə başlayır. Kəndə məcburi köçkünlər gəlir.
Kəndin sakinləri burada olan qalanın qədimliyini nəzərə almır və onu bir ucdan dağıdırlar. Qalaya belə münasibət ona gətirib çıxarır ki, bizim tariximiz başqalarının əlində olur.
Adamlar kəndi tərk edirlər və qala düşmən əlinə keçir. Filmin əsas ideyası ondan ibarətdir ki, hər birimizin içində bir qala var və biz onu ucuzlaşdıranda, onu qorumayanda bir varlıq kimi mənasızlaşırıq.
Filmdə hər şey şərtidir. Film pritça janrındadır . Əfsuslar olsun ki, film bizim reallıqla səsləşir. Yəni biz bu təcrübəylə 100,50,20 ildir ki, eyni səhvləri təkrar edirik. Elə filmin qayəsi də budur ki, bizim tariximizə münasibətimiz dəyişmir. Yəni nəsil dəyişsə də, problem yerində qalır.
- Filmin xüsusi nümayişi nəzərdə tutulurmu?
- Yaxşı sualdır. Bu gün ölkəmizdə film prosesi istehsalı ilə başa çatmış sayılır. Filim çəkilir, keyfiyyətli-keyfiyyətsiz üç nüsxə çap olunaraq film fondunun rəflərində yatır. Filmin nümayişi problemə çevrilir.
Kinoprokat sistemi, kinematoqraf və tamaşaçı arasında əlaqə yoxdur. Bizdə yerli tamaşaçıların filmləri izləməsi üçün kinoteatrlar şəbəkəsi hələ də formalaşmayıb.
Məsələn, Latviya, Litva və Estoniyada cüzi maliyyə vəsaiti hesabına, yerli və xarici filmlərin nümayişi üçün gözəl kinoprokat sistemi yaradılıb.
Sovet dövründə Baltikyanı ölkələrdə də kino xalq təsərrüfatı kimi qiymətləndirilirdi. İndi isə həm də biznes sahəsi sayılır. Üstəlik bu yaxşı tərbiyə üsuludur. Bu ölkələrdə yüksək dairələr tamaşaçıların milli mədəniyyətin özülləri üzərində tərbiyə almalarında maraqlıdırlar. Ancaq bizim tamaşaçılar xarici serialların və Hollivud filmlərinin təsiri altındadır. Bu gedişlə biz manqurtlaşmış nəsil yaradacağıq.
Məncə, filmi çəkməklə iş bitmir, onu göstərmək və həmçinin əlavə vəsait əldə etmək lazımdır.
Kino həm də cəmiyyət üçün bir mesajdır. Əgər onun konkret zümrəsi yoxdursa onda film çəkməyə dəyməz. Belə mesajlar bizdə çox yığılıb, amma vasitə tapa bilmirik ki, onu cəmiyyyətə çatdıraq.
O ki qaldı filmin xüsusi nümayişinə, bayaq dediyim kimi, filmin azərbaycanlı və rusiyalı prodüserləri var. Rusiyalı prodüserlər filmin Moskvada premyerasını və xarici festivallarda iştirakını təmin edirlər. Rusiyada son 10 ildə kinematoqraf çox dinamik həddə çatıb və bizdən fərqli olaraq, onların əlaqələri daha genişdir. Biz istəmirik ki, Azərbaycan tamaşaçısı ilk dəfə «Qala» filmini televiziya və ya DVD vasitəsilə izləsin. Filmin «Azərbaycan» kinoteatrında bir həftə ərzində nümayiş etdirilməsini və ya Heydər Əliyev Sarayında geniş kino ictimaiyyəti və kinosevərlər üçün baxış təşkil etməyi nəzərdə tuturuq.
Bu məsələlərlə mən rejissor olaraq, məşğul olmamalıyam. Mən ancaq filmin müəllifiyəm. Filmin sahibləri, prodüserləri var. Onu da deyim ki, «Qala» filminin baş prodüseri Xamis Muradovdur.
- Sizi daha çox sənədli film rejissoru kimi tanıyırlar. Bədii kinoya müəlliflik etməyiniz nədən irəli gəldi?
- «Qala» mənim quruluş verdiyim ilk bədii film deyil. 1996-cı ildə «Leyli və Məcnun» film-operasına, buna qədər isə Ejen İoneskonun «Kral ölür» pyesinə quruluş vermişəm. Sənədli janrda mənim sonuncu işim 30 dəqiqəlik «Səma şairi» filmidir. Bu film böyük Azərbaycan şairi Hüseyn Cavidə həsr olunub. Biz həmin filmin çəkilişlərində təsadüfən arxiv sənədləri arasında Bakıda keçirilən türkoloji toplantının görüntülərini tapdıq. Həmin görüntülərdə Cavid Əfəndi də var idi.
Mən həm sənədli, həm də bədii kinonu sevirəm. Ancaq kino rejissorluğuna «İthaf» animasiya filmindən başlamışam.
Kinematoqrafiya incəsənətin çoxşaxəli elə bir növüdür ki, burada həmişə nələrisə sınaqdan keçirmək olar.
F.Cabir