O, insanın mənəvi dəyişikliyindən bəhs edir
Yusif Quliyevin «Keçid»i müəllifin həyat və ölüm mövzusundan bəhs edən trilogiyasının ikinci filmidir. Bu bədii ekran əsəri «Yeni dalğa» prodüser mərkəzinin istehsalıdır (birinci «Katarsis»). Bu yaxınlarda baxdığım filmin ideyası və ssenarisi rejissor Yavər Rzayevə məxsusdur. Filmdə operator işini Rövşən Quliyev, Araz Məmmədyarov və Samir Süleymanov həyata keçiriblər. Prodüser «Yeni dalğa» prodüser mərkəzinin direktoru Rasim Həsənovdur.
«Azərbaycanın ucqar bir kəndinin yaxınlığında, dağların qoynunda təbiətin yaratdığı bir daş var. El arasında bu daşa «Keçid daşı» deyirlər. Xalqın inancına görə, bu daşdan keçə bilən hər kəs arzusuna, niyyətinə çatır. Ona görə də bu daşda özünü sınamaq üçün Azərbaycanın hər yerindən adamlar axışıb gəlir.
Daşın qeyri-adiliyi ondadır ki, o, ana bətninə bənzəyir. Sanki ondan keçən adamın arzusu gerçəkləşməklə bərabər, o, həm də elə bil yenidən doğulur. Bununla təbiət insanı dünyaya necə gətirdiyini göstərmək istəyir.
Kənddə cavan bir gəlin ana olmağa hazırlaşır. Qadının doğuşdan asan azad olmasından və körpəsinin sağ-salamat doğulmasından ötrü kənd sakinləri qədim adətlərinə görə «Zikr» məclisi qururlar. Ağrılar şiddətləndikcə, məclis qızışır. Bətndəki uşaq da daşdan keçənlər kimi bir dünyadan başqa dünyaya keçməyə hazırlaşır» (filmin sinopsisindən).
«Keçid» filmi qadın-ana-torpaq haqqındadır. Niyyət daşına pənah gətirənlərin əksəriyyəti yaşlılardır. Onlar daşdan keçəndə (daş onları özündən buraxanda) sanki yenidən doğulurlar. Günahlarından, yaşadıqları həyat boyu çiyinlərinə yığdıqları yükdən azad olurlar - dünyaya yeni gələn körpə uşaq kimi. Bu, bir növ buddizmdəki reinkarnasiya ritualını xatırladır. Fərq yalnız ondadır ki, keçiddən keçənlər onlara ikinci şansın verildiyini dərk edirlər. Əgər reinkarnasiya nəticəsində insanlar keçmiş həyatlarındakı günahlara görə cavab vermək üçün yenidən və başqa cilddə doğulurlarsa, daşdan keçənlər günahlarından təmizlənirlər.
Qadın bətni də keçiddir. Mənəvi, ruhi aləmdən cismani dünyaya. Ruhlar bətndən keçərək maddiləşirlər, bədənə sahib olurlar. Bir sözlə, insan ömrünün başlanğıcında qadın və sonunda da qadın-torpaq. Dairə qapanmışdır.
«Keçid» filmində daha bir maraqlı epizod - «Zikr» mərasimidir. Mərasimdə iştirak edən kütlə həm hadisələrin ayrılmaz hissəsi, həm də fondur. Hamısı da yaşlılardırr - 50-80 yaş arası qoca kişilər və qadınlar. İçlərində elələri var ki, ayağa qalxa bilmir, amma ümumi axından bir an belə kənarda qalmır, mərasimin ahəngini pozmur. Filmdəki əsas hadisə - doğuş prosesi gərginləşdikcə “Zikr” mərasiminin də tempi yüksəlir. Rejissor çox ustalıqla etdiyi montaj sayəsində filmin ritmini ritualın get-gedə transa düşmək dərəcəsinə qədər artan tempilə uyğunlaşdırıb. Beləliklə, gözünü bir anlığa da olsa, ekrandan ayırmayan tamaşaçı müşahidə etdiyi proseslərin (keçid-zikr-doğuş) həm də iştirakçısına çevrilir.
Bir sözlə, «Keçid» filminə baxan tamaşaçı tam 15 dəqiqə ərzində hər şeyi unudaraq könüllü surətdə ekrana əsir düşür. Alfred Hiçkok deyirdi ki, əsl kino tamaşaçının bütün diqqətini özünə çəkməli, tam gərginlikdə saxlamalıdır: «Əks halda onu çəkməyin heç bir əhəmiyyəti yoxdur». Sonda: «Görəsən, hansı səbəbdən Allah özünün yaratmaq qabiliyyətini özündən olan Adəmə yox, onun qabırğasına bəxş edib?»
İntiqam