Samir Kərimoğlu:
   “Çəkdiyim filmin beynəlxalq festivalda mükafat alacağına inanıram”
   
   Son illərdə kinomuz dövlət qayğısı hesabına yeni dirçəliş mərhələsinə qədəm qoyub. İlbəil filmlərin sayı və onlara ayrılan vəsait artır, gənclərə özlərini kinoda sınamaq imkanı verilir. Gənclər isə dövlət hesabına ərsəyə gələn “böyük kinoya” birdən- birə gələ bilmirlər. Burda istedad, inam və etibar çox önəmli rol oynayır. “Sirat körpüsü”, “Qanadlarıma sığal çək” filmləri ilə bu etimadı qazanan gənc rejissor Samir Kərimoğlu hazırda Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında yeni ekran əsəri üzərində işləyir. Çəkilişləri davam edən film ilin sonuna kimi təhvil veriləcək. Rejissorla söhbətimiz əsasən yeni filmi ətrafında olsa da, imkan tapıb digər mətləblərə də aydınlıq gətirdik.
   
   - Sizin filmin ssenari müəllifi Yavər Rzayevdir. Bildiyim qədər ssenaridə bəzi dəyişikliklər etmisiniz. Müəllifin buna münasibəti necə oldu?
   - Doğrudur, ssenaridə Yavər Rzayevin razılığı ilə bəzi dəyişikliklər etdim, çünki bu çox vacib idi. Ssenari on il əvvəl yazıldığından onu bu günümüzə uyğunlaşdırmalıydım. Filmdə hadisələr iki müxtəlif həyat tərzi keçirən gəncin ətrafında cərəyan edir. Qəhrəmanlardan biri qumar oynayır, içki içir, gününü boş və mənasız keçirir, o birisi isə dünyanın əyləncələrindən imtina edib bir niyyətlə yaşayır. Həyat bu iki gəncin yollarını toqquşdurur və sonda hər ikisi bir yolda addımlamağa başlayırlar.
   - Film hansı adla ictimaiyyətə təqdim olunacaq?
   - Bu filmin adında da müəyyən maraqlı məqamlar var. Ssenari “Həcc” adı ilə yazılıb, “Ziyarət” kimi istehsalata buraxılıb, “Niyyət” kimi isə ictimaiyyətə təqdim olunacaq. Soruşa bilərsiniz ki, niyə “Niyyət”? “Həcc” və “Ziyarət”? Bu, sanki filmi bağlayır. Davama ehtiyac olmur. Niyyət isə filmə tam uyğundur. Filmdə qəhrəmanlardan birinin niyyəti Las-Veqasda qumar oynamaqdırsa, digərinin məqsədi, niyyəti Həccə gedib Məkkəni ziyarət etməkdir.
   - Hazırda film hansı mərhələdədir?
   - Çəkilişləri davam etdiririk. Tezliklə pavilyon çəkilişlərinə start veriləcək. İki həftə davam edəcək pavilyon çəkilişlərindən sonra aprel ayında son çəkilişlər üçün Səudiyyə Ərəbistanına- Məkkəyə yola düşəcəyik. May ayından filmin montaj, səsləndirmə mərhələsi başlayacaq. İnşallah, sentyabr ayında “Niyyət”in premyerasını planlaşdırırıq.
   - “Sirat körpüsü” və “Qanadlarıma sığal çək” filmlərinizdə daha çox qeyri-peşəkar aktyor heyətinə üstünlük vermisiniz. Yeni filminizdə kimləri görəcəyik?
   - Peşəkar aktyorlarla işləmək daha rahatdır, amma bəzən qeyri-peşəkarlar da gözəl oyun göstərirlər.“Sirat körpüsü”ndə qeyri- peşəkar saydığımız Elşən Xəzər, Rövşən Ağayev, “Qanadlarıma sığal çək”də on üç yaşlı İnna Xripnova özlərini doğrulda bildilər. “Niyyət” filmində isə çox maraqlı və peşəkar aktyor heyəti ilə çalışırıq. Qəhrəmanlardan birini canlandıran Fuad Axundov peşəkar aktyor deyil. Bu, filmöncəsi bir çoxlarını narahat edirdi. Amma Fuad sübut etdi ki, rejissor seçimində yanılmayıb. Digər rolları Rövşən Məmmədov, əməkdar artist Münəvvər Əliyeva, Naidə Əliyeva, Nana Bax (Almaniya), Elşən Rüstəmov oynayır.
   - Bəs filmin texniki heyəti barədə nə deyə bilərsiniz?
   - Texniki heyət də tam peşəkar insanlardan formalaşıb. Quruluşçu operator Nadir Mehdiyev, quruluşçu rəssam Fikrət Ələkbərov, səs rejissoru Əsəd Əsədov və Pərviz Ramizoğlu, bəstəkar Tunar Rəhmanoğludur. Filmin bədii rəhbəri isə Rüstəm İbrahimbəyovdur.
   - Məşhurlardan biri deyib ki, filmi insan çəkir, insanlarla birgə çəkir və insan üçün çəkir. Gənc rejissor kimi siz necə düşünürsünüz?
   - Kino rejissorun özüdür. O, rejissora aiddir, amma onun deyil. Rejissor filmi özü üçün çəkməməlidir. Film birbaşa tamaşaçınındır. İstər dövlət, istərsə də prodüser çəkəcəyin filmə müəyyən miqdar pul ayırırsa, demək, bu pulu sənə boş-boşuna vermir. Sən də bunun qarşılığında xalqa səviyyəli və mükəmməl film verməyə borclusan. Hərdən rejissordan soruşurlar ki, filmin bu yerini niyə belə çəkmisən, rejissor cavab verir ki, film mənimdi, istədiyim kimi də çəkmişəm. Axı film sənin deyil, tamaşaçınındı. Onun yaxşı, yaxud da pis olmağına tamaşaçı qərar verməlidir. Adi və professional tamaşaçının filmə baxış bucağı da başqadır. Rejissorun borcu isə hər iki tamaşaçını razı salmaqdır.
   - Siz dediyiniz borc rejissorun özü üçün məhdudiyyət yaratmır ki?
   - Qətiyyən. Əksinə bu rejissorun özünü sınaması üçün şansdır. Əgər rejissor öz kinosunu çəkmək istəyirsə, bunu öz puluna etməlidir. Dövlətin hesabına çəkilən filmlərə daha məsuliyyətlə yanaşmaq lazımdır. Çünki çəkdiyin film sabah dövlətin xaricdə kino siması olacaq. Kino xaricə çıxırsa, demək bu xalqın özünü, mədəniyyətini həm təmsil edir, həm də təbliğ. Hazırda ölkəmizdə kino bazarı olmadığından bu nəhəng sistem yalnız birtərəfli inkişaf edir. Dövlət geri almamaq şərti ilə kinoya pul ayırır. Amma əminəm ki, yaxın illərdə bizdə bazar da olacaq, kinoprodüserlər də çoxalacaq, kinoya investiya da qoyulacaq və o zaman kinomuzun inkişafı hərtərəfli olacaq. Kino elə biznesdir ki, həm zövq verir, həm də çoxlu pul qazandırır.
   - Ümumiyyətlə, bizim kino deyilən məfhum varsa, bunu necə görürsən?
   - Bizim kinoda Həsən Seyidbəyli, Tofiq Tağızadə, Rasim Ocaqov, Arif Babayev kimi rejissorlar olub. Bu rejissorların filmləri əsl Azərbaycan kinosudur. Arada çox uzun fasilə verildi. Amma son illər kinomuz dirçəlib və bu da gələcəyə nikbin baxmağa əsas verir. Azərbaycanda kinonun gələcəyinə inanmayan insanlara sadəcə bir sualım var. Onlar nə vaxtsa inanardılarmı ki, Azərbaycanda idman, siyasət, təhsil belə inkişaf edəcək? İnanın, beş ildən sonra Azərbaycan filmləri dünya səviyyəsində təmsil olunacaq. Bunun üçün çalışmaq lazımdır və çalışırıq.
   - “Niyyət”dən nə gözləyirsiniz?
   - Ən azı “Berlin” festivalından mükafat.    

   Aylin